Rusiyadan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ilə bağlı AÇIQLAMA
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiya tərəfi Soçi razılaşmalarının icrası çərçivəsində sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın yaradılması üçün Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyir”,- M.Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli Soçi razılaşmaları Ermənistan və Azərbaycan hakimiyyətinin vəziyyəti normallaşdırmaq üçün gələcək addımlar atmağa hazır olduğunu təsdiqləyib.
"Biz əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsi, o cümlədən sərhəd mübahisələrinin həlli və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzərində fəal işləyirik", - o deyib.
M.Zaxarovanın sözlərinə görə, bölgədəki bütün nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üçün üçtərəfli işçi qrupunun səyləri davam edir.
Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, dekabrın 8-də Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığında Soçi razılaşmalarının icrası müzakirə olunub.
M.Zaxarovanın sözlərinə görə, Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün yekununda üçtərəfəli razılaşmaların reallaşdırılmasına sadiqlik ifadə olunacaq.
Xatırladaq ki, noyabrın 26-da Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin üçtərəfli görüşü keçirilib. Danışıqların yekunu üzrə birgə bəyanat imzalanıb. Liderlər bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün addımlar atmağa razılaşıblar. Tərəflər həmçinin, kommunikasiyaların blokadadan çıxarılması üzrə İşçi qrupun rolunu yüksək qiymətləndiriblər.