Təhsil Nazirliyi Etibar Əliyevin ittihamları qarşısında SUSDU
Bir neçə gün öncə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev "Yeni Sabah"a verdiyi müsahibəsində bir sıra vacib məqamlara toxunub.
Deputat Təhsil Nazirliyinin fəaliyyətini kəskin tənqid edib.
O iddia edib ki, bu nazirlikdə dostluq, qohumluq prinsipi ilə işə təyin edirlər: "Mən açığı onların iş prinsipini başa düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyəti olmayan adamlardır.
Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar. Təhsil Nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur.
Bunları ancaq qrant və layihələr düşündürür. Çünki oradan gələn pulu rahatlıqla silmək olur”.
Deputat bir sıra faktları da qeyd edib:
“Təyinatlara diqqət edin: Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar, Yaxud Bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər".
Millət vəkili Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) fəaliyyətini də tənqid edib. O deyib ki, BŞTİ-də insan resursları şöbəsinə müdir vəzifəsinə Fövqəladə Hallar Nazirliyi orqanlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər:
“Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyyədə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?
Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özü təyin elətdirib. Bakı şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir.
Bütün bu informasiyaları, baş verən bu qanunsuzluqlar haqda məlumatları mənə dəqiqliklə İctimai Şuranın üzvü olarkən verirdilər”.
Qeyd edək ki, deputatın bu ittihamları ilə bağlı Təhsil Nazirliyindən mövqe almağa çalışdıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məsələyə münasibət bildirəcəyini desə də, sonradan zənglərimizə cavab vermədi. Bir sözlə, nazirlik deputatın ittihamlarını susqunluqla qarşıladı./musavat.com
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: