ABŞ-ın dörd universiteti Çinin casusluq fəaliyyətində iştirak edir - Hesabat
Çin nüvə və kiber-casusluq proqramlarını gücləndirmək üçün məlumat toplamaqda ABŞ universitet sistemindən istifadə etməyə davam edir.
“Fox News” xəbər verir ki, Demokratiyaların Müdafiəsi Fondunun analitik mərkəzi tərəfindən ötən gün yayımlanan hesabatda Çinin ABŞ universitetləri ilə mövcud əlaqələrdən texnoloji məlumatları toplamaq üçün necə istifadə etdiyi məlum olub.
Hesabatda deyilir ki, Çinin mülki universitet sistemi nüvə və kiber-casusluq proqramları da daxil olmaqla, Çinin hərbi-sənaye kompleksində böyük rol oynayır.
Hesabatda qeyd olunur ki, 34 ABŞ universiteti dünya miqyasında təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirmək məqsədi daşıyan Çin Kommunist Partiyasının (ÇKP) sponsorluq etdiyi proqramlar olan Konfutsi İnstitutları (CI) ilə tərəfdaşlığı davam etdirir.
Araşdırma nəticəsində məlum olub ki, Stenford Universiteti, Santa Barbaradakı Kaliforniya Universiteti, Yuta Universiteti və Vaşinqtondakı Sakit Okean Lüteran Universiteti Çinin nüvə proqramını dəstəklədiyi iddia edilən Çin universitetləri ilə açıq tərəfdaşlıq edirlər.
Yuta Universitetinin sözçüsü, Konfutsi İnstitutu ilə əməkdaşlığa 2023-cü ilin iyununda, onların müqaviləsi ləğv ediləcəyi zaman son qoyacağını söyləyib. Lakin əlavə etdi ki, ABŞ institutunun casusluq və ya təbliğat mərkəzi olması ilə bağlı heç bir narahatlıqları yoxdur.
Konqres, universitetlərin ÇKP-nin sponsorluq etdiyi institutlara ev sahibliyi etdiyi təqdirdə Müdafiə Departamentinin (DOD) müəyyən növ maliyyələşdirməsini qadağan edən qanunu qəbul etdikdən sonra ABŞ 2018 və 2021-ci illər arasında Konfutsi İnstitutları proqramlarına icazə verən universitetlərin sayında azalma müşahidə edib. Qanunvericiliyə edilən dəyişiklik 79 Konfutsi İnstitutları proqramının bağlanmasına səbəb olub.
Konfutsi İnstitutları proqramları qeyri-qanuni deyil və “sister” – “bacı” proqramları ilə işləməyə davam edən universitetlər bunu edə bilər, çünki ABŞ Müdafiə Depatramentinin ( DOD) maliyyəsinin kəsilməsi onlara təsir göstərməyib.
Lakin hesabatın müəllifi Kreyq Sinqlton (Craig Singleton), ABŞ-ın məxfi olaraq təsnif etmədiyi məlumatları qorumaq üçün əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu müdafiə edib.
K.Sinqlton “Fox News”-a deyib ki, Çin ilə bütün akademik əməkdaşlıq riskli deyil, lakin Konfutsi İnstitutları sadəcə dil təhsili verməkdən daha çox iş görür: “Pekin ABŞ kollec şəhərciklərində tədris olunan əsas təhsildən tutmuş texniki cəhətdən təsnif edilməyən, lakin ÇKP üçün potensial hərbi üstünlüklərə malik olan qabaqcıl tədqiqatlara qədər hər şey barədə bilik toplayır.
Çin məxfi hesab etdiyi məlumatı əldə etmək üçün müdafiə sistemlərimizdəki boşluqlardan istifadə etmək istəyir və bu məsələyə sırf hüquq-mühafizə məsələsi kimi yanaşmaq yalnız Çinin strategiyasına xidmət edir. Çünki bu, Çinin hərbi məqsədlərini dəstəkləmək üçün passiv kəşfiyyat toplamasını nəzərə almır”.
Hesabatda Konfutsi İnstitutları proqramı üzrə professor və tələbələrin ABŞ-da bir dəfə qanunsuz fəaliyyətə görə məhkum edildiyi tapıntılara işarə edilib. K.Sinqlton deyib ki, təhlükə nəzəri deyil: “Çox güman ki, biz bu cür cinayətkarlığın yalnız kiçik bir hissəsinin üstünü açmışıq”.
Globall.az
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: