Qarabağın bərpası:
Hansı ölkələr Azərbaycanın yanındadır?
Hazırda ölkəmizdə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır.
Belə ki, gələn il Qarabağın bərpası üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılacaq.
Həm də yanvar ayının 4-də Prezident İlham Əliyevin qərarı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb.
Həmin ərazilərdə dağıdılan mədəniyyət abidələrinin bərpası, elektrik, su və yol xətlərinin çəkilməsi sürətlə aparılır. Təhlükəsizlik tədbirlərindən və yenidənqurma işlərindən sonra yurd-yuvalarından köçkün düşmüş əhalinin yenidən öz torpaqlarına qayıtması üçün sürətli işlər görülür. Artıq işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihəsi gerçəkləşdirilir.
Bununla yanaşı, Qarabağın bərpası üçün xarici ölkələrdən də müraciətlər daxil olub və bəzi ölkələrin şirkətləri ilə müqavilə də imzalanıb.
Globall.az bildirir ki, cebhe.info Qarabağda bərpa işlərində iştirak etmək üçün müraciət edən ölkələri araşdırıb.
Xatırladaq ki, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu barədə öz fikrini bildirərkən deyib ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin iclasda Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət edib:
“Onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.
* Xarici ölkələrdən daxil olan müraciət əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti ilə “Azərenerji” ASC ilə qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.
* Müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.
* Bununla bağlı ən böyük dəstək isə Türkiyədən gəlib. Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılmasına görə Azərbaycan və Türkiyə arasında “Mədəni və Elmi əməkdaşlıq” memorandumu imzalanıb.
* Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olduğu haqqında iqtisadiyyat nazirinin müavini Elnur Aydınov Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə deyib.
* Bundan başqa, İsveçrə hökuməti İkinci Qarabağ müharibəsində azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin icrası üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə 1,5 milyon frank köçürüb.
Bunu İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre mətbuat konfransında bildirib.