“Tərtər işi”nə ictimai nəzarət güclənməlidir -
Sabiq nazir müavini istintaqı obyektivliyə ÇAĞIRDI
Bu fikirləri 1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini olmuş, hazırda Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər “Tərtər işi”nin yenidən araşdırılması ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, işin hərbi prokurorluqdan alınması təqdirəlayiq addımdır:
“İstintaq gedir, tələsməyə ehtiyac yoxdur. İctimaiyyət nəzarəti bu proses üzərində gücləndirməlidir ki, əvvəlki istintaqın taleyi yaşanmasın”.
S.Əkbər insanların “Tərtər işi” ilə bağlı yenidən narahat olmasını haqlı sayır:
“Cəmiyyət istədiyinə nail olmağı arzulayırsa, əvvəlki kimi ictimai təzyiqi saxlamalı, nəzarət güclənməlidir. Təbii ki, burada Azərbaycan hakimiyyəti başa düşməlidir ki, bu məsələ İkinci Qarabağ Müharibəsindən sonra nə qədər aktualdır. Çünki xalqın qəlbində Azərbaycan Ordusunun xüsusi yeri var. Azərbaycan xalqı öz hərbçilərinə qarşı edilən bu hərəkəti heç vaxt bağışlamayacaq”.
“İctimai marağı tam təmin edə biləcək səviyyədə istintaq aparılmalıdır. Mən də ümid etmək istərdim ki, istintaq tam, hərtərəfli və obyektiv aparılsın”.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmişlərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.
2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərar qəbul edilib./modern.az