XİN-dən Qarabağla bağlı "Google"a müraciət:
"Saxta adlarla erməni dilində göstərilməsi..."
"Nəzərinizə çatdırırıq ki, “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Google maps” platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət
qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.
Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir", - o qeyd edib.