Adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilən Pekrez kimdir?
Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.
V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.
Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Valeri Pekres Ali Kommersiya Tədqiqatları Məktəbinin (Paris) və Milli Administrasiya Məktəbinin (Strasburq) məzunudur. Dövlət Şurasının auditoru, Fransa prezidentinin (Jak Şirak dönəmi) müşaviri olub.
Respublikaçılar Partiyasının üzvüdür. 2002, 2007, 2012-ci illərdə Fransa parlamentinin aşağı palatasının deputatı seçilib.
Valeri Pekres Fransa hökumətində ali təhsil və elmi tədqiqatlar naziri (2007-2011), büdcə naziri (2011-2012) postlarını tutub.
2015-ci ildən İl-de-Frans bölgəsinin başçısı olan Valeri Pekres Fransada 2022-ci ilin may ayında keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının namizədidir.