“Rusiya ilə dialoqa hazırıq, lakin Ukraynanı NATO-ya qəbuldan imtina etməyəcəyik”-
Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırıb. Alyansın baş katibi Moskva ilə Rusiya - NATO Şurası çərçivəsində danışıqlara hazır olduğunu bildirib, lakin alyansın fundamental prinsipləri ilə bağlı güzəştə getməyəcəyini və məsələn, Ukraynanı öz sıralarına qəbul etməkdən imtina etməyəcəyini vurğulayıb.
Bu barədə Almaniyanın ZDF telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna sərhədində rus qoşunlarını narahatlıqla izləyir və Rusiya - NATO Şurası çərçivəsində danışıqlara hazır olduğunu bildirib.
NATO Rusiya prezidenti Vladimir Putini qarşıdan gələn bayramlardan qoşunları Ukrayna sərhədindən çıxarmaq üçün istifadə etməyə çağırıb. Alyansın baş katibi Almaniyanın DPA mətbuat agentliyinə müsahibəsində bildirib ki, Rusiyanın hamı üçün Milad bayramını dinc şəkildə keçirməyi təmin etmək imkanı var. Bunun üçün ölkə gərginliyin azaldılmasına yardım etməli və qoşunlarını çıxarmalıdır.
NATO baş katibinin sözlərinə görə, indi söhbət Rusiyanın Ukrayna sərhədi yaxınlığında yerləşdirdiyi on minlərlə hərbçidən gedir. Stoltenberq müsahibəsində deyib: "Bu, əhəmiyyətli bir hərbi birləşmədir və bu yerləşdirmənin dayandırılacağına və ya yavaşıdılacağına dair heç bir əlamət yoxdur". O, rus qoşunlarının hərəkətlərində ilk növbədə təhlükəsizlik sahəsində NATO-dan güzəştlər almaq cəhdi görüb-görməməsi ilə bağlı sualı açıq saxlayıb.
ZDF qeyd edir ki, Stoltenberq Rusiyanın “Krımın ilhaqı” zamanı Ukraynaya qarşı güc tətbiq etdiyinə diqqəti çəkib. Rusiyanın NATO-dan əlavə təhlükəsizlik zəmanəti tələblərinə gəlincə, alyansın baş katibi danışıqlara hazır olduğunu göstərib, lakin NATO-nun, məsələn, Ukraynanı sıralarına qəbul etməkdən imtina edə biləcəyi ilə bağlı fikirləri rədd edib:
“Biz Rusiya-NATO Şurası çərçivəsində Rusiya ilə oturub danışmağa hazırıq. Bununla belə, biz əsas prinsiplərdə güzəştə getməyəcəyik. Biz NATO-nun bütün müttəfiqlərini qorumaq və müdafiə etmək hüququna və ya hər bir xalqın öz yolunu seçmək hüququna malik olması prinsipinə şübhə edə bilmərik”.
Alyansın baş katibi qeyd edib ki, eyni zamanda, söhbət kiçik dövlətlərin suverenliyinə hörmətdən gedir: “Rusiya kimi böyük dövlətin kiçik qonşuların nəyi edə və ya edə bilməyəcəyinə qərar verə bilməsi ideyası təsir dairələri ideyasına qayıdışdır. Bu, soyuq müharibə bitdikdən sonra Avropada sülh və sabitliyi təmin edən hər şeyə tamamilə ziddir”.
Alman telekanalı qeyd edir ki, Stoltenberq “NATO alyansın şərq ərazilərində kontingenti artırmaqla gərgin təhlükəsizlik vəziyyətinə cavab verə biləcəkmi” sualını cavablandrmaqdan yayınıb. "Biz daim qoşunlarımızın mövcudluğunu daha da tənzimləmək zərurəti məsələsini araşdıracağıq", - deyə o bildirib.
Alyansın baş katibi onu da qeyd edib ki, spekulyasiyalarla ehtiyatlı olmaq istərdi, çünki bu, gərginliyin artmasına səbəb ola bilər. Mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı Stoltenberq vurğulayıb: “Biz NATO müttəfiqləri üçün hansısa birbaşa təhlükə görmürük”.
ZDF telekanalının məlumatına görə, o, ordunun mümkün təhlükələrə daha yaxşı hazırlaşmaq üçün şərq müttəfiqlərinə qarşı artıq tədbirlər gördüyünü qeyd etməyib. Bununla belə, NATO-nun Ali Baş Komandanı Tod D. Uolters bu yaxınlarda çevik reaksiya qüvvələri üçün hərəkət bildirişi adlanan müddəti qısaldıb. Bu o deməkdir ki, hazırda hərbçilər beş gün ərzində böhran zonasına göndərilməyə hazır olmalıdırlar. Xatırladaq ki, əvvəllər bu müddət bir həftə idi.
Miraslan