Həyatın ölüm üzərində qələbəsi:
İlk “yolka” harada və niyə qurulub?
Yeni il qədim zamanlardan bir çox xalqların, ölkələrin qeyd etdiyi bayramdır.
Əvvəllər hər xalqın özünün təqvim dəyişkənliyi günü var idi. Yeni il bayramının tarixi çox qədim olduğu üçün ilk dəfə hansı ölkədə qeyd olunduğu haqqında dəqiq məlumat yoxdur.
Bəziləri bunun ilk dəfə Mesopotomiyada, bəziləri qədim Çin və Romada qeyd olunduğunu deyirlər. Tarixçi alimlər yeni ilin qeyd olunması ənənəsinin eramızdan əvvəl IV minilliyin sonunda Mesopotomiyaya aid olduğununu iddia edirlər.
Digər mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yarandığı vaxtda onların özlərinin təqvimləri var idi. Onlar ən uzun gecə və ən qısa günün fərqində olublar. İşıqlı günlərin sayının artmasını bayram kimi qarşılayıblar.
Bundan başqa, Qədim Romada yeni il həmişə yanvarın 1-i gəlirdi. Mitranın doğum günü ilə işığın qaranlıq üzərindəki qələbəsi hesab edilirdi ki, bu da ayın birinə təsadüf edirdi. Əsrlər keçdikdən sonra İsa peyğəmbərin doğum gününün də dekabrın son gününə təsadüf etməsi məlum olur. Bununla da bu bayram həm yeni ilin gəlişini, həm də işığın qaranlıq üzərində hakimliyi kimi qeyd olunur.
Bayramın keçirilməsi, yeni ili qarşılamaqla bağlı bir çox inanclar var. Bu inancların bəziləri adət-ənənə halını alıb. Müxtəlif ölkələr bayramı müxtəlif cür keçirsələr də, bayramın ortaq nöqtəsi bayram günündə şam ağacı, daha yayğın dildə desək, “yolka” ağacının bəzədilməsidir.
Maraqlıdır, Yeni ildə “yolka” qurmaq ənənəsi nəylə bağlıdır?
Yaşıl rəng, yaşıllıq, yaşıllaşmış ağac həyat rəmzi qəbul edilib. Əvvəllər təbii ağacları bəzəyib bayrama hazırlaşırdılar, adət-ənənələr təkminlləşdikcə, genişləndikcə bu ağaclar süni şəkildə hazırlanaraq evlərdə bəzədildi. Çoxları bu ənənəni xristianlıqla əlaqələndirsələr də, əslində, bunun tarixinin çox əvvəllərə təsadüf edildiyi iddiaları var.
Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.
Romalılar isə Əkin allahına sadiqlik nümayiş etdirərək evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar isə dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş.
Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünya adlandırılan Amerikaya isə yolkanı almanlar gətiriblər. 1851-ci ildə Amerikada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. Elə o vaxtdan da hər il Yeni il bayramında Ağ evin qarşısında belə mərasim keçirilib. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.