Erməni prezident istefa məktubunu xaricdən göndərib
Ermənistanın yanvarın 23-də istefa verdən prezidenti Armen Sarkisyan hazırda ölkəsində deyil.
Globall.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, A.Sarkisyan istefa məktubunu elə xaricdən yazıb göndərib.
Ermənistan KİV-ləri yazır ki, Armen Sarkisyan yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinə səfər etmiş və yanvarın 18-də işgüzar səfəri başa vuraraq, lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə çıxmış, ölkəyə qayıtmamışdı.
“O, yanvarın 21-dək məzuniyyətdə olub. Məzuniyyətini xaricdə keçirib və müddət bitdikdən sonra Ermənistana qayıtmayıb, istefa məktubu xaricdən göndərib. İndi də Ermənistanda deyil”,- deyə yerli KİV-lər yazır.
Qeyd edək ki, Armen Sarkisyanın istefası hələ ki rəsmən təsdiqləməyib. Ölkə qanunlarına görə, bir həftə ərzində istefa ərizəsini geri götürə bilər.
A.Sarkisyan 23 iyun 1953-ci ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsini bitirib. O, müxtəlif illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsini tutub.
Bundan əlavə Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir işləyib. 1995-96-ci illərdə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi olub. 1996-ci ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Armen Sarkisyan iş adamı kimi də tanınıb. O, Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika, neft və qaz hasilatı sənayesi sahəsində fəaliyyət göstərən və 15 şirkətdən ibarət olan “Knightsbridge Group” holdinqin sahibidir.