Şəhid baş leytenantın barelyefi qoyuldu
Vətən Müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin barelyefi təhsil aldığı Bakı şəhəri 207 saylı orta məktəbdə qoyulub.
Globall.az xəbər verir ki, Qarabağ torpağında dünyaya göz açan, körpə yaşlarından doğma dədə-baba yurdu Füzulidən məcburi köçkün düşən və hər an qisas hissi ilə yaşayan baş leytenant Səid Rəşidzadə 2020-ci il oktyabrın 11-də Hadrutdakı Şişqaya yüksəkliyi uğrunda döyüşdə şəhid olub.
Səid Nofəl oğlu Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1996-2007-ci illərdə Bakı şəhəri S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə oxuyub. Daha sonra 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətə başlayıb.
2016-cı ildə baş verən aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib.
2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndən sonra könüllü olaraq hərbiyə qayıdıb.
Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Hadrutun girişində Şişqaya deyilən yüksəkliyinə bayraq sancan zaman snayper gülləsi ilə vurulub.
Oktyabrın 11-də Səid şəhid olub, 12-də isə Hadrutun azad olunduğu elan edilib.