Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Qurumdan Globall.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlunun Qaradağlı kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alan qızı Z.Əzizovanın sinif yoldaşı N.Daşdəmirli tərəfindən təzyiq və təhqirlərə məruz qalması, bunun nəticəsində övladının intihara cəhd etməsi barədə Ucar Rayon Təhsil Şöbəsinə şifahi, təhsil nazirinə isə bu barədə ərizə ilə müraciət edib:
“Hər iki müraciət tərəfimizdən araşdırılıb. Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları Qaradağlı kənd tam orta məktəbində olub, baş verənləri yerində araşdırıblar. Məlum olub ki, 8-ci sinifdə təhsil alan Z.Əzizova və N.Daşdəmirli ilə eyni sinifdə 1-ci sinifdən bu günə qədər birlikdə təhsil alıblar. Son bir neçə aya qədər aralarında heç bir mübahisə və münaqişə olmayıb.
Şagirdlərin valideynləri arasında olan münaqişə məktəbdə uşaqların da arasında münasibətlərin pozulmasına gətirib çıxarıb. Bunu müşahidə edən sinfin rəhbəri Gülnar Hüseynova və məktəbin direktoru Səkinə Səfərəliyeva (məktəbdə psixoloq vəzifəsi vakantdır) dəfələrlə hər iki şagirdin ailə üzvü ilə görüşüb, mövcud vəziyyəti onlara izah ediblər.
Ailələr arasında olan münaqişənin məktəbə qədər gəlib çıxması səbəbindən Qaradağlı kənd tam orta məktəbində növbədənkənar Məktəb Pedaqoji Şurası və həmin sinifdə valideyn iclası keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən hər iki ailəyə övladlarının təhsil aldığı məktəbin dəyişdirilməsi təklifi olunub (Qaradağlı kənd tam orta məktəbində 8-ci sinif üzrə bir sinif var). Hər iki ailə buna etiraz edib. Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib”.
13:01
Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Bu barədə Globall.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.