Putin Çin mediası üçün məqaləsində nələr yazdı?
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər etmədən öncə bu ölkənin “Sinhua” agentliyi üçün məqalə yazıb. Məqalənin məğzi budur ki, Rusiya və Çin tarixlərində görünməmiş tərəfdaşlıq münasibətləri qurublar. Putinin sözlərinə görə, Rusiya və Çin qarşılıqlı şəkildə bir-birlərinin maraqlarını nəzərə alır və birgə çalışmalarını davam etdirirlər.
Globall.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kreml sahibi məqalədə Çinlə əməkdaşlığın bütün sahələrini sadalayıb:
“Putin haqlıdır. Təxminən 2000-ci illərin əvvəllərindən Rusiya ilə Çin arasında sıx tərəfdaşlıq əlaqələri qurulub. Rusiya Çinin daxili işlərinə qarışmır, Çin də Rusiyanın. Misal üçün Kreml Çində uyğurların “əmək düşərgələrində tərbiyləndirilməsinə” göz yumur, Pekin də Rusiyanın Krımın ilhaqına, Donbas separataçılarına verdiyi dəstəyə səssiz qalır. Halbuki Tibet mövzusunu nəzərə alsaq, Çin üçün ərazi bütövlüyü prinsipi əsasdır. Ancaq Pekin Rusiyanın timsalında bunu “unutmağa” hazırdır. Çin Rusiya ilə dostluqdan məharətlə istifadə edərək “ortaq layihələr” adı altında Sibirin zənginliklərinə yiyələnməkdə davam edir”.