Ermənilərin sərhəd təklifi nədən xəbər verir?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinin Rusiya vasitəsilə Bakıya sərhədin delimitasiyası haqqında yeni təkliflər verdiyini söyləyib. XİN rəhbəri bildirib ki, Ermənistanın sərhədlərin delimitasiyasına dair hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var:
“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşma hələ ki müşahidə edilmir”.
Globall.az xəbər verir ki, Ermənistanın reallıqla ayaqlaşmayan təklifləri haqqında Modern.az-a danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ermənilər silahlı qüvvələrin bərabər məsafədə geri çəkilməsini istəyirlər:
“Bu tələb bizim maraqlara ziddir. Sərhədçilərimiz niyə geri çəkilməlidir? İkinci Qarabağ müharibəsində 30 ilə yaxın mövcud olmayan qanuni sərhədlərimizi bərpa etdik. Bu torpaqlar bizim haqqımızdır və sərhədçilərimizin orada yerləşməsinə kimsə mane ola bilməz.
Ermənilər deyirlər ki, Azərbaycan da, Ermənistan da geri çəkilsin. Belə ola bilməz. Əksinə, danışıq aparıb, sərhədlərin dəqiq xəritəsini müəyyən etməyimiz lazımdır. Ermənilər bundan qaçırlar. Çünki 30 ilə yaxın bu sərhədlərə öyrəşməyiblər, istədikləri kimi sərhədlərdən istifadə edirdilər, indi isə bunu qəbul etmək istəmirlər”.
Politoloq vurğulayıb ki, silahlı qüvvələr geri çəkilərsə, həmin boş qalan əraziyə nəzarət məsələsi sual altında qalır:
“Ermənilər istəyirlər ki, orada rus hərbçiləri yerləşdirilsin, bu bizim maraqlarımıza ziddir. Onsuz da Qarabağda rusiyalı hərbçilərin fəaliyyəti ciddi narahatlıqlar doğurur. Bu yaxınlarda yayımlanan xəbərlərə görə, Kəlbəcərə gedən azərbaycanlı yük maşınını sülhməramlılarla yanaşı erməni polisi də yoxlayıb. Bu, biabırçılıqdır. Öz ərazimizdə belə hallara yol verilməsi düzgün deyil. Sərhəddə də rus hərbçilər yerləşdirilsə, daha böyük problemlərə səbəb ola bilər. Biz erməni terrorçularının xislətinə bələdik. Həmin boşluqdan istifadə edib, yenidən təxribatlara, hətta hərbi əməliyyatlara cəhd edə bilərlər. Onlara bu fürsəti verə bilmərik. Ona görə, erməniləri sərhədin varlığına alışdırmalı, hər iki tərəfin qanuni sərhədlərinin tanınmasını qəbul etdirməliyik”