Yeni Zelandiya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib
Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik hər ötən gün daha da artır. Artıq bəzi ölkələr müharibə təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıqlar edirlər.
Globall.az xəbər verir ki, Yeni Zelandiya da oxşar məlumat yayıb. Yeni Zelandiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Ukraynada zəruri səbəblərdən olmayan vətəndaşlar ölkəni tərk etmək barədə düşünməlidirlər.
Ukraynada təhlükəsizlik durumunun qısa müddət ərzində dəyişməsi riskini nəzərə alaraq, orada zəruri səbəblərdən olmayan Yeni Zelandiya sakinləri ölkəni kommersiya yolları ilə tərk etməyi düşünməlidirlər, - yerli media dövlət rəsmisinə istinadən yazırb.
Sözçü bildirib ki, yalnız az sayda Yeni Zelandiyalı Ukraynadakı mövcud vəziyyətlə bağlı məsləhət almaq üçün konsulluq əməkdaşlarına müraciət edib.
- Yeni Zelandiya Ukraynadakı vəziyyətin gərginləşəcəyi təqdirdə fövqəladə hallar planları ilə bağlı konsulluq tərəfdaşları ilə sıx əlaqə saxlayır,-XİN rəsmisi deyib.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.
ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.