Makron Putini, Şolts Baydeni inandırmağa çalışır
Ukrayna-Rusiya böhranı Avropanın şərq sərhədlərində yaşandığı üçün bu böhran təhlükəsizlikdən tutmuş enerjiyə qədər, bir çox aspektdə Avropaya birbaşa təsir edir. Lakin Avropa bu prosesdə bir qədər passiv vəziyyətdə qalıb. Son vaxtlar müzakirə olunan Rusiya ordusunun Ukraynaya müdaxiləsi ehtimalına Avropa ölkələri müxtəlif səviyyələrdə reaksiya verir. Bu reaksiyalar ABŞ və NATO ilə müqayisədə bir qədər aşağıdır.
Globall.az xəbər verir ki, bu sözləri Axar.az-a Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin Orta Asiya üzrə mütəxəssisi Əmrah Qaya Fransa Prezidentinin Rusiya və Ukraynaya səfəri barədə danışarkən deyib.
O bildirib ki, ilk növbədə Avropa Rusiyadan idxal etdiyi enerjinin qışın ortasında kəsilməsini istəmir.
Rusiyanın Avropaya göndərdiyi enerjini kəsməsi həm istehsala, həm də adi həyata mənfi təsir edər:
“Həmçinin Ukraynadakı müharibə Avropaya böyük immiqrasiya dalğasına səbəb olar. Bundan əlavə, təhlükəsizliyini ABŞ-a ötürən Avropa ölkələri müdafiəyə daha çox vəsait ayırmalı olacaqlar. Bu, iqtisadi itki deməkdir. Bu kontekstdə Avropa Rusiya ilə razılığa gəlməyə çalışır. Diqqət edirsinizsə, Makronun həmkarı Putinlə görüşdüyü bir vaxtda Almaniya kansleri Olaf Şolts da ABŞ Prezidenti Co Baydenlə görüşdü. Bu, onu göstərir ki, Avropa iki aktor arasında balans nöqtəsi tapmağa və tərəfləri güzəştə getməyə inandırmağa çalışır”.