MOSKVA ÖZÜNÜTƏCRİD REJİMİNƏ KEÇİR:
Küçəyə yalnız bu hallarda çıxmaq mümkün olacaq
Sabahdan Rusiyanın paytaxtı Moskvada yeni rejim tətbiq olunacaq.
Globall.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyaninin əmrinə əsasən, martın 30-dan bütün paytaxt sakinləri “evdə özünütəcrid rejimi”nə keçməlidir.
Fövqəladə tədbirlər yaşından asılı olmayaraq hamıya tətbiq olunacaq. Evdən çıxmağa yalnız bu hallarda icazə veriləcək:
– təcili, təxirəsalınması mümkün olmayan tibbi xidmət üçün;
– həyat və sağlamlığa digər birbaşa təhdidlər olduqda;
– şəxs işə getməyə məcburdursa, işə getmək üçün;
– ən yaxın mağazada və ya aptekdə alış-veriş üçün;
– evlərindən və ya qaldıqları yerdən 100 metrdən çox olmayan məsafədə ev heyvanlarını gəzdirmək üçün;
– məişət tullantılarını atmaq üçün.
Müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət edən “ağıllı sistem” işə salınacaq, tədricən nəzarət gücləndiriləcək.
Onu da qeyd edək ki, küçələrdə, dükanlarda, nəqliyyatda və digər ictimai yerlərdə vətəndaşlardan digər insanlardan ən az 1,5 metrlik məsafə saxlaması tələb olunur. İstisna yalnız taksi gəzintiləridir.