Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırdı
ABŞ prezidenti Cozef Bayden Ukraynada qalan bütün amerikalıları ölkəni tərk etməyə çağırıb.
Globall.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, o, bu barədə "NBC News" telekanalına müsahibəsi zamanı deyib.
"ABŞ vətəndaşları dərhal getməlidirlər", - deyə C.Bayden bildirib.
Onun sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyətdə ABŞ-ın qarşısında dünyanın ən böyük ordularından biri var.
"Bu, tamamilə fərqli bir vəziyyətdir və hər şey tez bir zamanda alt-üst ola bilər", - deyə ABŞ prezidenti əlavə edib.
Aparıcının ABŞ vətəndaşlarını Ukraynadan təxliyə etmək üçün hərbçilərin göndərilməsinin hansı ssenari üzrə mümkün ola biləcəyi sualına C.Bayden "belə ssenari yoxdur" cavabını verib və əlavə edib ki, "amerikalılar və ruslar bir-birinə atəş açmağa başlasalar, bu dünya müharibəsi deməkdir".
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti Ukraynadakı vətəndaşlara dərhal oranı tərk etmələrini tövsiyə edib.