İrəvan kütləvi məzarlıqların yerini niyə göstərmir?

Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi artıq faktdır. Bunu heç İrəvanın özü də yüzlərlə sübutun qarşılığında dana bilmir. Bununla bağlı məsələnin Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videokonfrans formatında keçirilən dördtərəfli görüşdə gündəmə gəlməsi də təsadüfi deyildi. Üstəlik, Azərbaycan tərəfi indi, bu əraziləri işğaldan azad etdikdən sonra belə məzarlıqların olmasına dair müəyyən sübutlar üzə çıxarır.
Globall.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında türkiyəli politoloq, professor Toğrul İsmayıl deyib.
Ermənistan tərəfinin sözügedən kütləvi məzarlıqların yeri haqda məlumatların veriləcəyi ilə bağlı vədindən imtina etməsindən danışan ekspert qeyd edib ki, İrəvan azərbaycanlılara qarşı qəsdən qırğınlar törətdiyini etiraf edəcəyindən ehtiyat edir:
“Çünki bu, soyqırım konsepsiyasına daxil olur. Və bu da öz növbəsində ermənilərin əsl mahiyyətini bir daha göstərəcək.
Kütləvi məzarlıqlar - gündəmdəki ən ciddi məsələlərdən biridir və Bakı onun həlli üçün maksimum ciddilik nümayiş etdirəcək - xüsusən də Ermənistan tərəfinə və beynəlxalq ictimaiyyətə təzyiqləri daim artıraraq, günahkarların cəzalandırmasına nail olmaqla...
Hesab edirəm ki, İrəvan uzun müddət indiki siyasətini davam etdirə bilməyəcək. Ona görə ki, Bakının əlində beynəlxalq ictimaiyyətə təqdim edə biləcəyi çoxlu faktlar var”.
Politoloq təəssüflə qeyd edib ki, belə məsələlərdə azərbaycanlılardan, türklərdən, müsəlmanlardan söhbət gedəndə beynəlxalq ictimaiyyət ikili standartlar nümayiş etdirir:
“Allah eləməsin, azərbaycanlıları belə qətliamlarda ittiham etsəydilər, indi bütün dünya birliyi hiddətlənərdi. Əsas problem də buradadır. Buna baxmayaraq, Azərbaycanın bu istiqamətdə fəallığını davam etdirəcəyinə əminik”.
Oxunub: 251
Xəbəri paylaş
Paylaş: