Avropa liderləri Rusiyaya qarşı üçüncü sanksiya paketini müzakirə ediblər –
SWIFT və Putin də var
Fevralın 24-dən 25-nə keçən gecə Avropa Birliyi dövlət rəhbərlərinin sammitində Rusiyaya qarşı qəbul edilən ikinci sanksiya paketinin müzakirəsi yarım saat çəkib.
Müzakirələrin 2 saatdan yuxarı davam edən qalan hissəsində Rusiyaya qarşı üçüncü sanksiya paketi müzakirə olunub.
Globall.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın TASS agentliyi Avropa Birliyi ölkələrindən birinin nümayəndə heyətindəki mənbəyə istinadən yayıb. Diplomat agentliyə bildirib ki, üçüncü sanksiya paketində əsas müzakirələr iki məsələ ətrafında gedib: Rusiyanın SWIFT-dən çıxarılması və prezident Vladimir Putinin qara siyahıya salınması. Birinci məsələdə əsas tərəddüd edən ölkə Almaniyadır: “Hələlik bu iki məsələnin heç biri üzrə konkret mövqeyə gəlinmədi”.
Üçüncü paket nə vaxt tətbiq oluna bilər? Bu suala cavab verən diplomat deyib ki, Avropa Birliyi rəhbərləri arasında bununla bağlı da dəqiq təsəvvür yoxdur: “Böyük ehtimalla, vəziyyət daha da kəskinləşərsə, yaxın 2-3 gün ərzində üçüncü paket qəbul edilə bilər”