Kiyev Rusiya ilə danışıqlardan nəticə gözləmir -
ŞƏRH
Rusiyanın Kiyevi ələ keçirməsi qısamüddətli perspektivdə hərbi və strateji əhəmiyyətli siyasi uğur olardı. Amma Ukrayna hökuməti Rusiyaya qarşı ciddi dirəniş göstərir. Eyni zamanda iki ölkə arasında müharibədən sonra ilk danışıqlar Belarusun Qomel şəhərində baş tutdu. Amma ciddi nəticə əldə olunmadı.
Bundan sonra proseslər hansı səviyyədə davam edəcək? Qərbdən gözləntilər nədən ibarətdir?
Globall.az xəbər verir ki, Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov Modern.az saytına iki ölkə arasında növbəti danışıq mərhələsi və Qərbin Ukraynaya yardımı haqqında danışıb.
Onun sözlərinə görə, danışıqların növbəti raundundan da ciddi nəticə gözləmək olmaz. Hazırda tərəflər arasında atəşkəs razılaşması real görünmür.
“Müqavilə döyüş meydanlarında məsələ həll olunandan sonra mümkün ola bilər. "Minsk-1" və "Minsk-2"nin imzalanması təcrübəsinə əsasən deyə bilərik ki, bundan sonrakı mərhələdə “Minsk-3” razılaşması olacaq. Qərb isə bu mövqedə Rusiyaya qarşı Ukrayna üçün ciddi addımlar atmır. Siyasi bəyanatlar istisna olmaqla heç bir şey etmirlər.
Hazırda yeni silahların döyüş yerlərinə gətirilməsinə ehtiyac var. Rusiya ordusu Ukraynadan Qərbə gedən bütün yolları bağlayır. Dövlətin vətəndaşlar qarşısındakı sosial öhdəliklərini yerinə yetirmək və dövlət qulluqçularının maaşlarını ödəmək üçün Qərb maddi cəhətdən real yardım göstərə bilər. Əgər Avropa İttifaqı Ukraynanın bütün borclarını silsə və ya heç olmasa yenidən strukturlaşdırsa, bu, real kömək ola bilər”.
Xatırladaq ki, bir neçə gün öncə Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib.
Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edib.
Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb.
Belarus xarici işlər naziri də Rusiya ilə Ukrayna arasında danışıqlarda iştirak edib. Görüş mediaya qapalı təşkil olunub. Yaxın günlərdə danışıqların növbəti raundunun keçirilməsi gözlənilir.