Polşa Ukraynaya “MİQ-29”-ları verməyəcək
Polşa Silahlı Qüvvələrinin sərəncamında olan sovet istehsalı “MİQ-29” qırıcı təyyarələri Ukraynaya göndərilməyəcək. Xarici KİV-lərin verdiyi xəbərə görə, bu barədə bu gün Polşa baş nazirinin ofisi rəsmi “Tvitter” səhifəsində paylaşım edib.
Eyni zamanda Polşanın aerodromlarından Ukraynanın istifadə etməsinə də icazə verməyəcəyi vurğulanıb. Qeyd edilib ki, Polşa Ukraynaya digər sahələrdə yardım edir.
Baş nazirin ofisinin paylaşımında Polşa baş qərargahının bütün "MİQ-29" təyyarələrinin hazırda ölkənin hərbi bazalarında olduğu barədə məlumatına da istinad verilib.
Qeyd edək ki, bundan əvvəl bir sıra Qərb KİV-lərində Polşanın Ukraynaya “MİQ-29” qırıcı təyyarələrini verəcəyi, əvəzində ABŞ-dan “F-16” tipli təyyarələr alacağı barədə məlumat yayılıb.