Rusiya Bosniyanı “Ukrayna ssenarisi”nin təkrarı ilə hədələyir
Rusiyanın Bosniya və Herseqovinadakı (BvH) səfiri İqor Kalabuxov Balkan ölkəsini NATO-ya qoşulacağı təqdirdə Ukrayna nümunəsi ilə hədələyib.
Bu barədə diplomat yerli “Federalna” telekanalına müsahibəsində danışıb.
“Əgər o, nəyinsə (NATO nəzərdə tutulur – “Report”) üzvü olmaq istəyirsə, bu onun daxili işidir. Lakin başqa məsələ bizim buna reaksiyamızdır.
Ukrayna nümunəsində gözləntilərimizi göstərmişik. Təhdid olarsa, reaksiya göstərəcəyik”, - o bildirib.
Səfir “hansısa fantaziya, hansısa reallıqda BvH-nin NATO-ya üzv olacağını” düşünmədiyini vurğulayıb: “Çünki ölkədə konsensus mövcud deyil. BvH belə şəraitdə qərar vermək asan olmayacaq”.
Onun sözlərinə görə, Rusiyanın BvH ilə əlaqədar hər hansısa planı yoxdur və rəsmi Moskva “strateji və geosiyasi vəziyyəti təhlil edərək” reaksiya verəcək.