Oliqarxlar Putini devirməyə çalışır -
SENSASİON İDDİA
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Ukrayna kəşfiyyat xidməti, həmçinin Putinin yerinə seçiləcək şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Oleksandr Bortnikov olacağını iddia edib.
Putin prezident titulu almazdan əvvəl Rusiya kəşfiyyat idarəsinin direktoru olub və Bortnikovla Leninqradda DTK-da birgə xidmət edib.
Ukrayna kəşfiyyatının iddiasına görə, Rusiyanın aparıcı simaları Ukraynanın işğalı səbəbindən Qərbin tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatını çökdürməsindən qəzəbləniblər. Xüsusilə də rusiyalı milyarderlər və iş adamları sanksiyalardan sonra böyük maliyyə itkisi ilə üzləşiblər. Onlar müharibənin tezliklə dayandırılmasına çağırış etsələr də, Putin buna məhəl qoymayıb və hərbi əməliyyatları davam etdirmək barədə tapşırıq verib. Bundan hiddətlənən oliqarxlar Putindən xilas olmaq üçün müxtəlif narazı qruplarla birlikdə plan qurmağa başlayıblar.
Putinin varisi olduğu iddia edilən Bortnikovun Ukrayna müharibəsinin ilk üç həftəsindəki hərbi itkilərdən sonra prezidentin gözündən düşdüyü bildirilir.
İddialara əsasən Putin Ukraynadakı vəziyyətin gedişindən narahat olub və bu müddət ərzində 8 generalı vəzifəsindən azad edib. Digər tərəfdən, xarici kəşfiyyat mənbələrinin məlumatlarına görə, Rusiya Ukraynada təxminən 15 min əsgərini itirib.
Qeyd edək ki, bundan əvvəl Putinin onu zəhərləyə biləcək mindən çox şəxsi işdən çıxarması barədə xəbərlər yayılmışdı. İşdən çıxarılanlar arasında aşpaz və camaşırxana işçilərinin də olduğu ehtimal bildirilirdi.
İddialara əsasən, Rusiya lideri həmin şəxslərin onu zəhərləyə biləcəyindən ehtiyat edib və bu səbəbdən onları işdən uzaqlaşdırmaq qərarına gəlib.