Rusiya-Ukrayna danışıqları başa çatdı - VİDEO (YENİLƏNDİ)
Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşü başa çatıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, danışıqlar 3 saat çəkib.
xxx
Ukrayna və Rusiyanın danışıqlar nümayəndə heyətləri İstanbulda görüşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna nümayəndə heyətləri ilə Dolmabahçe sarayında keçirilən görüşdə iştirak edib.
"Türkiyə olaraq məsuliyyəti öz üzərimizə götürməkdən çəkinməmişik və qaçmırıq. Tezliklə atəşkəsə nail olmaq hər kəsin marağındadır. Düşünürük ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə qədəm qoyduq", - Türkiyə lideri bildirib.
Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.