ABŞ NEFTİ 1 DOLLARA DÜŞDÜ -
Hətta sıfırdan aşağı yuvarlana bilər
Tələbatın getdikcə aşağı düşməsi və neft anbarlarının ağzına qədər dolması səbəbindən Amerikanın WTI markalı neftinin qiyməti birjada 1 dollara qədər enib.
Reuters əbər verir ki, may ayı üçün fyuçers müqavilələrində Amerika neftinin bir barrelinin qiyməti 1 dollara rəsmiləşdirilib. Bu da o deməkdir ki, xammal əslində heç kimə gərək deyil.
Bu qiymətə birja müqavilələri aprelin 21-nə qədər imzalanacaq. İyun fyuçersləri isə barrel üçün 22 dollardan yuxarıdır, yəni bazar qiymətləri səviyyəsindədir.
Agentlik qeyd edir ki, neft treyderləri istənilən yolla may fyuçerslərindən yaxa qurtarmağa çalışırlar, onları “bişmiş qaynar kartof” kimi bir-birlərinə atırlar. Başa düşürlər ki, əllərindəki nefti may ayında heç kimə sata bilməyəcəklər. Nəticədə onlar birja tarixində ən güclü birgünlük ucuzlaşmaya səbəb olublar.
Xəbərə görə birjada hərraclar yekunlaşana qədər WTI neftinin qiyməti hətta sıfır dollara və hətta sıfırdan da aşağı düşə bilər. Çünki spot bazarında bəzi Texas şirkətləri nefti artıq 2 dollardan satır.
Son məlumata görə London birjasında ABŞ neftinin qiyməti gözlənildiyi kimi, 1 dollardan da aşağı düşüb, 0 dollara yaxınlaşıb.
Situasiyanın unikallığı bununla bağlıdır ki, birja treyderləri “kağız” neftlə alver etməyə vərdiş ediblər, yəni fiziki problemlərlə qarşılaşmırlar. Lakin iqtisadi fəallığın dünyada koronavirus pandemiyasına görə kəskin aşağı düşməsi buna gətirib çıxarıb ki, may fyuçerslərinin sahibləri artıq tələbata ümid edə bilməzlər. Bu isə o deməkdir ki, onlar may ayında həmin fyuçerslər üzrə artıq real neftin sahibləri olacaqlar. Və həmin nefti heç kimə sata bilməyəcəklər, saxlamaq isə böyük pullar hesabına başa gələcək.
Qanunvericiliyə görə ABŞ hakimiyyəti neft hasilatının səviyyəsinə təsir edə bilməz, Amerika şirkətləri isə hasilatın azaldılmasını razılaşdıra bilməzlər. Belə sövdələşməyə görə onları cərimə gözləyir. Ağ evdə problemin həllini tapmağa çalışırlar, o cümlədən strateji ehtiyatlar üçün neft alınması görüntüsü ilə hasilatın məhdudlaşdırılmasına kompensasiya ödəməyi nəzərdən keçirir.
Qeyd edək ki, “Brent” nefti də bu gün 8 faizə qədər ucuzlaşıb və 1 barreli 26 dollaradır. Azərbaycanın “Azeri Light” nefti isə 14 dollara satılır.