Sanki əliyalın Şuşanı fəth edən xüsusi təyinatlıdır -
Jurnalist Şahbaz Quliyevi TƏNQİD ETDİ
"7 il erməni əsirliyində olan Şahbaz Quliyevin keçirdiyi etiraz aksiyasını gördüm. Düzünü deyim ki, onu haqlı saymadım. Bizdə belə bir steriotip formalaşıb ki, insan bir az tanındısa, ( hansı mövzuda olursa-olsun) onun bütün təminatını dövlət öz hesabına etməlidir. Deyir qazımı, işığımı kəsiblər".
Globall.az xəbər verir ki, bunu jurnalist Məhəmmədəli Qəribli deyib.
Jurnalist bildirib ki, Şahbaz blogerin ona ünvanladığı “hansı evinizin” sualından yayınmağa çalışıb: "Axırda “Prezidentin mənə bağışladığı evin” cavabını verdi. Sonra özü etiraf etdi ki, 1 il 3 aydır hospitalda müalicə olunur. Onun müalicə olunduğu yeri bilirəm, tam dövlət hesabınadır. Daha nə istəyirsən?! Yəqin Şahbaz istəyir ki, bundan sonra heç bir əmək fəaliyyəti ilə məşğul olmadan ayda yaxşı paket alsın və bütün kommunal ödənişlərdən azad edilsin. Niyə, hansı fəaliyyətinə görə? Onsuz da dövlət sənin azad edilməyin üçün milyonlarla vəsait xərcləyib, sağ-salamat ölkəyə qaytarıb. Bəyəm, sən ora dövlət tapşırığına görə getmişdin? İndi get işlə, özünü dolandır da…".
M.Qəribli qeyd edib ki, adətən əsirlikdən qayıdanları öz ölkələrində həbs ediblər: "Şahbaz papağını göyə atsın ki, dövlətin hərtərəfli humanizmi ilə əhatə olunur. Onların əsirlikdən sonra Dilqəm Əsgərovla bir-birinin ünvanına səsləndirdiyi ittihamlardan danışsam isə tam biabırçılıq olar. Adam elə danışır ki, sanki əliyalın Şuşanı fəth edən xüsusi təyinatlıdır". (publika.az)