Bakıda DƏHŞƏTLİ QƏTL: Əvvəl arvadını, sonra özünü güllələdi (YENİLƏNDİ)
Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində 44 yaşlı Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.
Bildirilib ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Lakin R.Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.
Bu gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib.
Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
xxx
Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.
Bu barədə Globall.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.