Dünya pulsuz ictimai nəqliyyata keçir, Azərbaycanda isə...
Dünyanın əksər inkişaf etmiş ölkələrində hökumətlər əhalini şəcsi avtomobillərdən az istifadəyə sövq etmək üçün ictimai nəqliyyatı pulsuz edirlər. Azərbaycanda isə əksinə proses gedir: vaxtaşırı ictimai nəqliyyatda gediş haqları artırılır.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Lüksemburq dünyada ilk ölkə olaraq 2020-ci ilin mart ayından başlayaraq bütün nəqliyyat növləri (avtobus, tramvay, qatar) üzrə gedişi pulsuz edib: "Malta 2022-ci ilin oktyabr ayının 1-dən analoji addımı atmağa hazırlaşır. Almaniyada bu barədə artıq müzakirələr başlayıb.
Bir sıra ölkələrdə ölkəboyu olmasa da, ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi mövcuddur.
Məsələn, Estoniyanın paytaxtı Tallin şəhərində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir.
Belçikanın Hasselt şəhərində isə 1997-ci ildən ictimai nəqliyyat istifadəyə görə əhali pul ödənişindən azad olunub. Qiymətləndirmələrə görə, bunun nəticəsində 2006-cı ildə istifadəçilərin sayı 13 dəfə artıb.
Ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqı bu və digər formada güzəştlər tətbiq edilir: bəzi ölkələrdə bütün şəhər əhalisinə, bəzilərində müxtəlif yaş qruplarına (məsələn, pensiyaçılara)".
Samir Əliyev
Ekspert qeyd edir ki, hazırda dünyada ictimai nəqliyyatın gediş haqqından azad olunması tendensiyası müşahidə edilir və daha çox hökumətlər bu barədə dşünməyə başlayıb:" Bunun əsas səbəbi havanın çirklənməsini minimuma endirməkdir. Bir dəfə Parisdə özüm şahidi olmuşdum. Hökumət çirklənməni azaltmaq məqsədilə şəhərdaxili metro və tramvaydan istifadəni 10 gün müddətinə pulsuz etmişdi. Bununla insanları havanı çirkləndirən şəxsi avtomobil və avtobuslardan çəkindirməyə çalışırdı. İnsanların ictimai nəqliyyata yönləndirilməsinin digər səbəbi də şəhərdə tıxacları, parklanma yerlərində yüklənməni azaltmaqdır.
Azərbaycanda isə situasiya tamamilə fərqlidir. Bir neçə gün öncə xeyli sayda nəqliyyat şirkəti gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Dünyada gedən tendensiyaların əksinə olaraq, Azərbaycanda ictimai nəqliyyatdə gediş haqlarının artırılması tendensiyası mövcuddur. Dövri olaraq müxtəlif şirkətlər tarifərin aşağı olmasını əsas gətirərək onun qaldırılması təşəbbüsü ilə çıxış edirlər. Hökumət qiymət artımının müzakirə edilmədiyini bildirsə də, böyük ehtimalla yaxın aylarda Tarif Şurası vasitəsilə qiymət artımı qərarına gedəcək.
Artımın nə qədər olacağını demək çətindir. Əsaslandırma da yəqin ki bir tərəfdən neft və qazın bahalaşması fonunda yanacağın və sıxılmış qazın qiymətinin artması, digər tərəfdən pandemiyanın dünyada logistika zəncirində problemlər yaratması səbəbindən ehtiyat hissələrinin bahalaşması olacaq. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi də artımı əsaslandıran amil olaraq vurğulanacaq.
Şəhərdə havanın çirkənməsindən, tıxacların yaranmasından, parklanma yerlərinin olmamasından şikayətlənirik, ancaq bu problemlərin həllinə töhfə verən ictimai nəqliyyat xidmətinin keyfiyyətini artıra bilmirik. Hökumət insanların şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək üçün qiymətləri cəlbedici etmək əvəzinə onu bahalaşdırmaq barədə düşünür"./musavat.com