Rus ordusu bu istiqamətlərdə HÜCUMA HAZIRLAŞIR –
Döyüş yenidən QIZIŞIR
Rusiya qoşunları Slobojanski və Donetsk istiqamətlərində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında 22-yə qədər batalyon-taktiki dəstə yerləşdirib.
Globall.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Açıqlamada bildirilib ki, ruslar Slobojanski istiqamətində hücumlarını davam etdirirlər.
“Düşmənin əsas səyləri qoşunların yenidən qruplaşdırılmasına və bölmələrin gücləndirilməsinə, Xarkov şəhərinin qismən blokadasının davam etdirilməsinə və onun artilleriyadan atəşə tutulmasına yönəlib”, - Baş Qərargahdan bildirilib.
Rus ordusunun əsas səyləri əvvəllər işğal olunmuş mövqelərin saxlanılmasına yönəlib. Ruslar Donetsk və Tavriya istiqamətlərində də işğal etdiyi əraziləri öz əlində saxlamağa çalışır. Əsas səyləri Popasna və Rubijne yaşayış məntəqələrinin nəzarətə götürülməsinə, Mariupol şəhəri üzərində tam nəzarətin qurulmasına yönəldir.
Severodonetskdəki vəziyyətlə bağlı ciddi dəyişiklik olmayıb, rus ordusu hücum əməliyyatlarına hazırlaşmaq üçün atəşin intensivliyini artırıb.
Popasnyanski istiqamətində də Ukrayna qoşunlarının bölmələri davamlı atəşə tutulur. Motoatıcı birləşmələrin və muzdluların köməyi ilə taktiki vəziyyəti yaxşılaşdırmağa, Popasnyanskinin dərinliklərinə irəliləməyə çalışsalar da, səylər uğurlu deyil.
“Düşmən Xerson vilayətinin inzibati sərhədlərini ələ keçirmək üçün mübarizəni davam etdirməyə və hücumu bərpa etməyə çalışır”, - Baş Qərargahdan bildirilib.
Rus ordusu Azov dənizində Mariupol limanının bağlanması və sahil istiqamətində atəş dəstəyinin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.
Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində rus qüvvələrinin 10 hücumu dəf edilib, 3 tank, 1 zirehli transportyor, 1 xüsusi texnika, 2 hərbi maşın və 3 artilleriya sistemi məhv edilib, 1 zirehli transportyor isə ələ keçirilib.
Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində 7 hava hədəfini vurub: 1 təyyarə, 1 helikopter, 3 PUA və 2 qanadlı raket zərərsizləşdirilib.