Paşinyandan “Qarabağ klanı”nın “sülh” planını
ALT-ÜST EDƏN ETİRAFLAR
Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün danışıqların aparılması “Qarabağ klanı”nı ciddi narahat etməyə başlayıb. Azərbaycan torpaqlarında 30 illik işğal siyasəti həyata keçirən Robert Koçaryan və Serj Sarkisyan tərəfdarları açıq şəkildə sülhə qarşı çıxaraq, Nikol Paşinyan hakimiyyətini rəsmi Bakının şərtlərini qəbul etməkdə günahlandırır.
Terrorçu xislətini gizlətməyən “Qarabağ klanı” Azərbaycan və Türkiyə ilə düşmənçiliyin davam etdirilməli olduğunu bəyan edərək, hələ də revanşist mövqedən çıxış edir.
Baş nazir Nikol Paşinyan ölkə daxilindəki radikal qüvvələrin təzyiqlərinə baxmayaraq, parlamentdə son çıxışında sülh sazişinin tezliklə imzalanmasının və Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vacibliyini önə çəkdi. Hətta bu iki amilin İrəvanın gələcək inkişafı üçün priorotet olduğunu erməni ictimaiyyətinin diqqətinə çatdırdı.
Paşinyanın mövqeyi başa düşüləndir. O, 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra ölkəsinin dərin böhranla üzləşdiyini, iqtisadiyyatın çökdüyünü yaxşı anlayır. Onu da bilir ki, Ermənistanın yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə sülhdən keçir. Əks təqdirdə Ermənistanı sonu bəlli olmayan acınacaqlı aqibət gözləyir.
Bəs “Qarabağ klanı” niyə sülhə qarşıdır? Terrorçu Koçaryan və Sarkisyanın məqsədi nədir?
Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, “Qarabağ klanı” Azərbaycan torpaqlarının işğaldan azad olunmasını həzm edə bilmir. Onlar artıq Qarabağın birdəfəlik əldən çıxdığını qəbullanmaq istəmirlər:
“Danışıqlarda Qarabağ üçün hər hansı status nəzərdə tutulmur. Burada yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi qəbul ediləcək və Azərbaycanın qanunlarına tabe olacaqlar. “Qarabağ klanı” həqiqətlərlə barışmaq istəmir”.
Politoloqun sözlərinə görə, sülh danışıqları Sarkisyan və Koçaryanın planlarını alt-üst edir:
“Radikal millətçi ermənilərin illərlə bəslədiyi arzular puç olub gedir. Buna görə də sülhün olmağını istəmirlər. Çalışırlar ki, iki ölkə arasında münasibətlər gərgin olaraq qalsın. Əlbəttə, artıq onların proseslərə təsir imkanları qalmayıb. Çünki məğlub olublar və Ermənistan xalqı onlardan üz döndərib. Eyni zamanda, Azərbaycan Ordusu demək olar ki, Qarabağın ən mühüm nöqtələrini nəzarət altına alıb. Bundan sonra proseslərdə ciddi açılımlar gözlənilir ki, bu da çox mühüm əhəmiyyətə malik olacaq”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı müharibəyə görə, özünü günahkar bilir. O, bu barədə parlamentdə çıxışında deyib. Gözlənilməz olsa da, Paşinyan ilk dəfə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf etməkdən belə çəkinməyib.
“Mən əvvəldən müharibədə və məğlubiyyətdə öz günahımı, məsuliyyətimi etiraf etmişəm. Amma müxalifətçilərin məni ittiham etdikləri iddiaları qəbul etmirəm. Mən torpaqlarımıza xəyanət etməmişəm. Mən 2018-ci və 2019-cu illərdə xalqa demədiyim üçün günahkaram ki, bizdən əvvəlkilər Qarabağ və ətrafındakı rayonların bu və ya digər konfiqurasiyada Azərbaycana təhvil verilməsini gözləyirdilər. Əslində beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Hazırda Qarabağı tərk etmiş Azərbaycan əhalisinin tam şəkildə geri qayıtması gözlənilir. Mən əvvəlcə əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə bilərdim. Lakin bunu etməkdən imtina edərək, minlərlə qurbanın günahkarı oldum. Buna görə xalqımdan üzr istəyirəm”, - Paşinyan məlum çıxışında vurğulayıb.
Onu da bildirək ki, Ermənistan artıq Azərbaycanın irəli sürdüyü 5 bəndlik təklifləri rəsmən qəbul edib.
Turqay Musayev