Şahzadədən maraqlı etiraflar:
Son iki ildir ki... - FOTO
Britaniya kral ailəsindən ayrılaraq həyat yoldaşı Meqan Markl ilə ABŞ-da məskunlaşan şahzadə Harri Opra Uinfriyə verdiyi qalmaqallı müsahibəsindən sonra bu dəfə ABŞ-ın NBC kanalında nümayiş olunan “Today” proqramı üçün kamera qarşısına keçib.
Globall.az publika.az-a istinadla xəbər verir ki, şahzadə bu dəfə Hoda Kotbun suallarını cavablandırıb. Hazırda ABŞ-da yaşayan Harri çıxışında bildirib ki, nə böyük qardaşı Uilyam, nə də atası Çarlz üçün darıxır. O, bu müsahibəsində qalmaqallı etiraf etməsə də, ailəsi, xüsusən də atası Çarlz və böyük qardaşı Uilyam ilə münasibətlərinin yaxşı olmadığına eyham vurub. Harri əlavə edib ki, artıq onun “evi ABŞ-dır”.
Buna baxmyaraq, nənəsi - Kraliça II Yelizaveta haqqında müsbət fikirlər səsləndirib: “Mən onun qorunduğuna və yaxşı insanlar tərəfindən əhatə olunduğuna əmin olmaq istəyirəm. Bizim həqiqətən xüsusi münasibətimiz var. Onunla başqa heç kimlə danışa bilməyəcəyim şeylər haqqında danışırıq”.
Şahzadə Harri keçən həftə nənəsi Kraliça II Yelizaveta ilə keçirdiyi sürpriz görüşdən də söz açıb. O, xanımı Meqan Marklla birlikdə kraliça ilə oturub çay içdiklərini söyləyib.
Şahzadə kiçik yaşlarından itirdiyi anası Diananı da yad edib. 12 yaşında anasız qalan Harri onun xatirəsini daim yaşadacağını deyib: “İndi etdiyim hər şeydə onun varlığını hiss edirəm. Son iki ildə bu hiss əvvəlkindən qat-qat çoxdur. Oğlu Arçi ilə anam Diana haqqında danışıram, evimizin divarlarından anamın fotoları asılıb”.
Şahzadə Harri əvvəlki müsahibələrində də anası ilə bağlı xatirələrini bölüşüb: “Anamız həyatını insanlara xidmət etməyə həsr edən inanılmaz bir qadın idi. O, möhkəm, cəsarətli və şübhəsiz ki, dürüst idi. İstismar və qeyri-etik davranışların dalğalı təsiri sonda onun həyatını aldı. Bu cür təqiblər hələ də davam edir, anamız buna görə öldü və heç nə dəyişmədi”.
Qeyd edək ki, Şahzadə Harri və qardaşı Uilyamın münasibətləri yaxşı deyil. Şahzadə Harri Böyük Britaniyadan ayrılqıdan sonra veridyi müsahibədə “Daha əvvəl dediyim kimi, Uilyamı sevirəm. Bir cəhənnəmin içindən bərabər keçdik, bir təcrübəni paylaşdıq. Amma indi yollarımız ayrıdır” deyib.