Böyük Britaniyada koronavirusdan 18 min yox, 41 min adamın öldüyü üzə çıxdı -
Faciənin miqyası böyüdü
Böyük Britaniyada koronavirusdan ölənlərin faktiki sayı ölkənin səhiyyə rəsmilərinin açıqladığı rəqəmlərdən təqribən 2.5 dəfə çox olduğu üzə çıxıb.
Nüfuzlu “ Financial Times” qəzetinin statistika bölümünün təhlillərinə əsasən ölkədə koronavirusdan ölənlərin sayı azı 41 min nəfərdir.
Financial Times-ın ekstrapolyasiyası bu yaxınlarda qeydə alınan rəsmi ölüm hallarının sayına əsaslanır. Bu rəqəmlərə xəstəxanalar xaricində baş verən ölümlər də daxildir. Böyük Britaniyada ölüm halları barədə ən son məlumat bazar ertəsi, koronavirus testlərindən sonra yoluxanlardan 17,337 nəfərin xəstəxanalarda öldüyü barədə olub. Aprelin 22-nə olan məlumata görə isə ölkədə virusdan ölənlərin sayı 18 mini keçib.
Lakin Financial Times-ın araşdırmalarına əsasən, hazırda COVID-19-un yaratdığı tənəffüs sistemi xəstəliyindən ölənlərin sayının ikiqat çox olduğu ehtimal edilir.
Çərşənbə axşamı Milli Statistika İdarəsi aprelin 10-da başa çatan bir həftə ərzində İngiltərə və Uelsdə 18,516 nəfərin öldüyünü bildirib ki, bu, beş illdə ölənlərin orta göstəricisindən 7,966 nəfər çoxdur. Bu isə koronavirusdan ölənlərin sayının hazırda 41,000 ətrafında olduğunu göstərir.
Milli Statistika İdarəsinin çərşənbə axşamına olan məlumatında COVID-19-dan ölüm halları konkret olaraq az göstərilib. Statistikanın son həftələr qocalar evlərində ölüm hallarının iki dəfə artdığını göstərməsinə baxmayaraq, COVID-19-dan ölənlərin yalnız 17 faiz artdığı qeyd edilib.