Arestoviç:
"2-3 həftəyə çox şey baş verəcək"
"Rusiyanın Ukraynanın şərqindəki hücumu 2-3 həftəyə başa çatacaq. Bundan sonra aktiv hərbi əməliyyatlar dayandırıla bilər".
Bunu "Meduza"ya müsahibəsində Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"2-3 həftədən sonra bu hücum başa çatacaq. Və bununla da çox güman ki, müharibənin aktiv fazası başa çatacaq, çünki rus qoşunlarının hücum etmək üçün başqa nələrisə yoxdur" - Arestoviç bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya qüvvələri Ukraynanın şərqində fəal şəkildə irəliləyir. Amma onlar üçün problem odur ki, bura hücum üçün əlverişsiz ərazidir.
Arestoviç vurğulayıb ki, ilkin planın uğursuzluğundan sonra onların hazırkı vəzifəsi Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsinin qələbə olduğunu bəyan etməkdir: "Onlar kampaniyanı bitirmək istəyirlər. Əsas vəzifəsi sanksiyaları ləğv etmək olan danışıqlara qayıtmaq niyyətindədirlər. Bu, Kremlin hekayəsidir, çünki onlar iki aylıq müharibənin sonuna qədər Rusiya xalqına nəsə deməlidirlər. Bundan əlavə, onlar müəyyən qələbələr elan etməlidirlər".
Aleksey Arestoviç bildirib ki, Rusiya şərqdə "sondan əvvəlki əməliyyat ehtiyatları" toplayıb və onların yalnız Kiyev, Çerniqov və Sumı yaxınlığında döyüşlərdən sağ çıxan 15 min nəfərlik yorğun qoşunları qalıb: "Yeni ehtiyatları hara aparacaqlarını bilmirəm. Onları hazırlamaq üçün ən azı bir-iki ay lazım olacaq. Bu müddət ərzində çox şey baş verəcək. Sanksiyalar qüvvəyə minəcək, beynəlxalq miqyasda nəsə olacaq və Ukrayna Silahlı Qüvvələri bu müddət ərzində güclənəcək".