AAK-ın CAVAB XATİRİNƏ CAVABI
və ya dekanın “elmi işi” niyə gizlədilir?
“Filan məmur bu sözü ilə hakimiyyətlə xalq arasında uçurum yaradır”, “filan məmur bu əməli ilə xalqı hakimiyyətə qarşı qaldırır” və yaxud “filan məmur Prezidentin imzaladığı qanunu sabotaj edir ki, xalqın ona inamı sarsılsın” və s.
Danılmaz faktdır ki, istər Azərbaycan mediasında, istərsə də sosial şəbəkələrdə ciddi ictimai rezonansa səbəb olsa da, ciddi nəticəsi olmayan belə cümlələrə mütəmadi rast gəlinir.
Bu məzmunlu fikirləri istənilən qədər sadalamaq olar və güman edirik ki, bu heç kimdə təəccüb də doğurmaz, çünki deyilənlər əhalinin böyük əksəriyyətinin rastlaşdığı praktik problemlərdir.
Globall.az media qurumu olaraq biz cəmiyyətin müxtəlif təbəqələrinin üzləşdiyi yuxarıda qeyd etdiyimiz kimi problemləri daim oxucu auditoriyasına təqdim etmişik. Neqativlərin aradan qaldırılmasına çalışmış, haqsızlığın, yalanın, saxtakarlığın və səhlənkarlığın ayaq tutub yeriməsinə qarşı olmuşuq. Ki, cəmiyyətdə təbəqələşmə dərinləşməsin, cəmiyyət təfəkküründə yazılmış qanunların yazılmamış qanunlara ram olduğu fikri qətiləşməsin. Çifayda... Çünki...
Globall.az olaraq bu günlərdə, yəni aprelin 8-də "Media haqqında" Qanuna istinad edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevə ünvanladığımız sorğuya aldığımız cavab məhz “çifayda” deməyə əsas verir.
Biz sorğuda Azərbaycan dilində aydın, anlaşılan cümlələrlə yazmışıq: “Hazırda Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında əvəzçi müəllim kimi çalışan Zaur Rafael oğlu Hüseynzadə dosentdirmi və əgər dosentdirsə, o bu elmi rütbəyə hansı elmi işinə... görə layiq görülmüşdür?”
Cavab məktubunda oxuyuruq: “...Ali Attestasiya Komissiyasına ünvanladığınız 08.04.2022-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Zaur Rafael oğlu Hüseynzadəyə AAK-ın 12.05.2014-cü il tarixli qərarı ilə “Bədən tərbiyəsi və idman” kafedrası üzrə dosent elmi adı verilmişdir.” İmza da var: Aparat rəhbəri Gülarə Tağı-zadə.
İndi biz ölkə boyda adı olan elmi bir idarədən-AAK-dan, onun rəhbəri hörmətli Famil Mustafayevdən, Aparat rəhbəri Gülarə Tağı-zadədən soruşuruq: Yəni doğrudanmı Siz boyda elm adamları sorğudakı cümləni yarımçıq anlamış, o cümlənin ikinci komponentini -“o bu elmi rütbəyə hansı elmi işinə... görə layiq görülmüşdür?”ü görməmisiniz? Heç inandırıcı deyil, deyilmi?
Bəli, bu, tərəfinizdən cavab xatirinə cavabdan başqa bir şey deyil. Və bu cavabın məntiqi deyir ki, bu hətta səhlənkarlıq da deyil və sözügedən şəxsin “elmi işinin” üstündən sükutla keçilməsində başqa nüanslar, səbəblər var.
Əksidirsə, yanılırıqsa, Zaur Hüseynzadənin dekan seçilməsinə zəmin yaradan, “dosent elmi adı”na səbəb olan o “elmi əsərlə” biz də tanış olmaq istərdik. Təbii ki, təbiri-caizsə. Və təbii ki, bu yazı həm də AAK-a verdiyimiz sorğunun yarımçıq yox, tam cavablandırılması üçündür.
Əks-təqdirdə, "ziyalı zümrənin yazılmış qanunların yazılmamış qanunlara tabe etdirilməsi" fikrinə, "elmi işlərin yazılmasında, elmi adların, dərəcələrin verilməsində saxtakarlıq hökm sürür" iddiasına Ali Attestasiya Komissiyasının özü belə haqq qazandırmış olacaq. Globall.az