Sumqayıtda GÜCLÜ YANĞIN:
nazir hadisə baş verən ərazidə- FOTO/VİDEO (YENİLƏNDİ)
"Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Fövqəladə Hallar Nazirliyinin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cihazları ilə birgə araşdırma aparıb".
Bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
"Havada heç bir ciddi zərər müşahidə olunmayıb", - nazir əlavə edib.
K.Heydərov yanğının baş verdiyi ərazidə közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını əlavə edib.
xxx
"Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb. Bu, müəssisənin müşahidə kameralarının videogörüntülərində də var".
Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək.
Hadisə ciddi olduğuna görə ölkə rəhbəri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilmişdir", - nazir bildirib.
xxx
"Azərsun Sənaye Parkı”nda baş verən yanğın zamanı 5 min kvadrat ərazi yanıb.
Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, hazırda 4 min kv. metr ərazidə yanğın söndürülüb.
xxx
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcəkdir.
xxx
Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Globall.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.
Əlavə məlumat veriləcək.
xxx
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
Gıoball.az xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.
Bu barədə Globall.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.