Xanın gedişindən sonra nə dəyişdi –
Qarabağdan Çinədək...
Azərbaycanın strateji tərəfdaşı və yaxın müttəfiqi olan Pakistanda təxminən bir ay əvvəl hakimiyyət dəyişikliyi oldu. İmran Xan iqtidardan kənarlaşdırıldı, onun postuna 70 yaşlı müxalifət lideri Şahbaz Şərif gətirildi. Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif artıq bir aya yaxındır ki, ölkəyə rəhbərlik edir.
İmran Xanın gedişindən sonra ölkədə vəziyyət necədir?
Globall.az xəbər verir ki, bu barədə modern.az-a danışan Pakistanın tanınmış siyasi şərhçisi Qaiser Navab ölkədə ciddi dəyişikliyin yaşanmadığını bildirib:
“Xalq yeni iqtidarı müsbət istiqamətdə dəyişiklik kimi qəbul edir. Bu, müxtəlif siyasi partiyaların hökumət işlərini idarə etmək hüququna malik olduğu koalisiyadır. Bu baxımdan indiki hakimiyyət hamıya siyasi yer vermək üçün çoxlu imkanlar yaradır. Gələcək seçkilərdə uğur qazanması üçün yeni hakimiyyətə güvənmək lazımdır".
Ekspert vurğulayıb ki, Pakistanda hazırkı hökumətin vəziyyəti yaxşıya doğru dəyişəcəyinə inam var: "Çünki həm daxili, həm də xarici cəbhələrdə sabitlik müşahidə olunur. Daxili cəbhədə inflyasiyaya nəzarət etmək və təhrikedici çətinliklərin həlli yollarını tapmaq üçün səylər göstərilir. Xarici cəbhədə hökumət bütün ölkələrlə, xüsusən də qardaş müsəlman ölkələri ilə etimad nisbətini bərpa edir. Baş nazirin Səudiyyə Ərəbistanına səfəri qeyd olunan faktın təsdiqidir”.
Hakimiyyətdən devrilmiş İmran Xana gəlincə, politoloq sabiq baş nazirin bəzi mənfi məqamlarla yadda qaldığını söyləyib:
“İmran Xanın taleyi qeyri-müəyyəndir, etimadsızlıq səsverməsi ilə devrildikdən sonra çoxsaylı problemlərlə üzləşdi. Təəssüf ki, hakimiyyəti dövründə atdığı son addımlar mənfi oldu. Yeni hökumət inflyasiya, korrupsiya, sülh kimi daxili dəyişiklikləri prioritet əsaslarla həll etməyə ciddi yanaşdığından, şübhəsiz ki, yeni xarici və daxili siyasət istiqamətində dəyişikliyinin şahidi olacaq. Xarici siyasət cəbhəsində Pakistan Səudiyyə Ərəbistanı və Çinlə münasibətlərdə yeni zirvələrə irəliləyəcək”.
Bundan əlavə, politoloq qeyd edib ki, Azrbaycan və Pakistan arasında əlaqələr hakimiyyət dəyişikliyindən asılı deyil:
“Azərbaycanla xarici siyasət baş nazirdən və ya hakimiyyət dəyişikliyindən asılı məsələ deyil. İki xalq bir-birinə dərin münasibət bəsləyir, həmişə mehriban qardaş olaraq davam edəcəyik. İndiki hakimiyət də bunu gözəl başa düşür. Dost olan ölkələrə, xüsusilə Türkiyə və Azərbaycana dərin bağlılıq var. Pakistanın xeyrinə olan bütün layihələri və təşəbbüsləri davam etdirəcəyik. İnanıram ki, əlaqələr daha da möhkəmlənəcək. Müxtəlif məsələlərdə, o cümlədən işğaldan azad edilmiş Qarabağla bağlı dəstəyi gücləndirəcəyik”.