“Putin Ukraynadan sonra Gürcüstana hücum edəcək”
– ŞOK İDDİA
Fevralın 24-ü səhər saatlarında Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə Ukraynanın şərqində davam edir. Müharibənin Ukrayna ilə məhdudlaşmayacağına dair narahatlıqlar artmaqda davam edərkən, Rusiya müxalifəti Putinin hədəfində olan daha iki ölkəni açıqlayıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Moldovada Rusiyanın dəstəklədiyi separatçı bölgə olan Dnestryanıda müəmmalı partlayışlardan sonra rus qoşunlarının digər ölkələrə də hücum edəcəyi qorxusu yaşanır.
Həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının köməkçisi Vladimir Aşurkov Putinin hədəf aldığı iki ölkənin adını çəkib. “İnsider”ə danışan Aşurkov Qərbdə Putinin Ukraynadakı əsassız müharibəsini Moldova və Gürcüstan kimi digər ölkələrə də genişləndirə biləcəyi ilə bağlı narahatlıqların artdığını bildirib və bu cür ssenarilərin masada olduğunu vurğulayıb:
“Ukraynanın genişmiqyaslı işğalı mənim üçün şok oldu. Bunun mümkün olacağını düşünmürdüm. Putinin gücü çatır ki, bundan başqa ölkələrə də hücum etsin. Nüvə bombası manyak Putinin əlində olanda dünyada heç kimin etibarlı gələcəyi olduğunu düşünmürəm”.
Qeyd edək ki, Moldova və Gürcüstan əvvəllər də Rusiyanın təcavüzünə məruz qalıb. 1992-ci ildə Rusiya qüvvələri Moldovaya müdaxilə edib. Gürcüstan isə 2008-ci ildə Rusiyanın hücumları ilə üzləşib. Müharibə qısamüddətli olsa da, ölkə üçün baha başa gəlib.
Bu gün Rusiya Gürcüstan ərazisinin təxminən 20 faizini işğal altında saxlamaqda davam edir. Gürcüstan və Moldova hökumətləri Rusiyanın Ukraynaya hücumundan sonra Qərbdən daha çox dəstək istəyir. Onu da bildirək ki, Rusiyanın işğalına məruz qalan hər iki ölkə ötən ay rəsmi olaraq Avropa İttifaqına üzvlük üçün müraciət edib.