Ermənistanın Azərbaycanla sərhəd komissiyasına o, rəhbərlik edə bilər
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri postuna ən çox ehtimal olunan namizəddir.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Mher Qriqoryanla bağlı məlumat rəsmi olaraq təsdiqini tapmasa da, hakimiyyət kluarlarında aktiv şəkildə yayılır.
Qeyd edək ki, rəsmi Bakı sözügedən komissiyaya iki ölkənin baş nazir müavinlərinin rəhbərliyini təklif edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 10-da bildirib ki, Bakı artıq öz namizədini İrəvanla razılaşdırıb. Komissiyanın ilk iclasının aprelin sonunadək keçirilməsi nəzərdə tutulmuşdu, amma gerçəkləşmədi.
"Hətta ilk telefon danışığı zamanı Ermənistanın xarici işlər naziri bunu anlayışla qəbul edib və bildirib ki, bu təklifin Ermənistanda müzakirəsi üçün əlavə vaxta ehtiyac var. Sonradan erməni tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu bildirib. Komissiyanın tərkibinə dair tərəflər arasında razılaşma var”, - deyə Bayramov bildirib.
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, anklavların qaytarılması məsələsinə Ermənistanla delimitasiya çərçivəsində baxılacaq.