Britaniyada virusdan ölənlərin sayı 20 mini ötdü –
Dünyanın beşinci ən böyük iqtisadiyyata malik ölkəsi aciz qalıb
Britaniyada şənbə günü COVID-19-dan ölənlərin sayı 20 mini keçib.
“Amerikanın Səsi” xəbər verir ki, xəstəlik səbəbiylə xəstəxanada ölən insanların sayı şənbə günü 813 nəfər artaraq 20 min 319-a çatıb.
Hökümətin baş elmi müşaviri mart ayının ortalarında ölüm hallarını 20 mindən aşağı tutmağın “yaxşı nəticə” olacağını demişdi.
Hökümətə qarşı yeni koronavirus pandemiyasına cavabına görə qınaqlar artır. Britaniya Avropadakı digər ölkələrdən daha gec karantin rejimi tətbiq edib və hazırda test imkanlarını artırmaqda çətinlik çəkir.
Britaniya koronavirusdan ölüm hallarına görə, dünyada Birləşmiş Ştatlar, İtaliya, İspaniya və Fransadan sonra beşinci yerdədir. Alimlər deyir ki, ölüm halları bir neçə həftə sonra sürətli şəkildə azalmağa başlayacaq.
Ümumi ölənlərin minlərlə nəfər daha çox olacağı gözlənilir, çünki bu rəqəmə qocalar evlərində ölən insanlar da əlavə olunacaq. Aprelin 10-na olan rəqəmlərə görə, xəstəxanada ölüm halları ümumi ölüm hallarının 40 faizini təşkil edirdi.
Baş nazir Boris Conson bu ayın əvvəlində COVID-19-a yoluxub və o hələ də müalicə olunur. Hökümət isə onun yoxluğunda yüksək ölüm halları, məhdud test imkanları və tibbi işçiləri üçün qoruyucu avadanlıqların çatışmazlığının səbəbini izah etməkdə çətinlik çəkir.
Səhiyyə nazirliyi şənbə günü – aprelin 24-də 28.760 testin keçirildiyini bildirib. Bu isə önünə aprelin sonunadək gündə 100 mindən çox test keçirmək hədəfi qoyan hökümət üzərinə təzyiqi daha da artırır.
Məhdud test imkanlarının karantin rejiminin gec bitəcəyinə və dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Britaniya iqtisadiyyatına daha böyük ziyan vuracağına dair narahatlıqlar var.
Şənbə günü İngiltərənin Milli Səhiyyə Xidmətinin tibbi direktoru Stefen Pouis neçə ölüm hallarının gözləndiyinə dair sualı cavablandırmaqdan imtina etsə də, BCC Radiosuna deyib: “Pandemiyanın ölkəyə ümumi təsirini bilmək hətta illərlə vaxt apara bilər”.