DİM-dən imtahan sualları ilə bağlı ittihamlara CAVAB
Ötən həftə II və III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib. İmtahanlardan sonra bəzi abituriyentlər qəbul suallarının çətin olmasından şikayətləniblər. Sosial şəbəkələrdə yayılan məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda tarix, coğrafiya və riyaziyyat fənnlərinin suallar qəsdən çətin salınıb. Səbəb olaraq iddia edirlər ki, bu addım abituriyentlərin yenidən ödəniş əsasında imtahan verməsi üçün atılıb.
Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, test bankında tapşırıqlar mürəkkəblik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır.
DİM rəsmisinin sözlərinə görə, hər bir testə daxil edilən tapşırıqların mürəkkəblik dərəcələri üzrə paylanması eyni olur.
"Xatırladaq ki, qəbul imtahanları 2 dəfə keçirilir və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılır və digər məlumatlarla birlikdə ictimaiyyətin diqqətinə çatdırılır.
Ötən həftə keçirilən imtahanların nəticələrinin 2 həftə sonra elan olunması nəzərdə tutulur. Yay qəbul imtahanları isə hələ iyulda keçiriləcək. Bu imtahanlar, onların nəticələri təhlil edilmədən fikir söyləmək doğru deyil. Lakin bir daha xatırladırıq ki, eyni növ imtahanlarda tapşırıqların mürəkkəblik dərəcələri üzrə paylanması eyni olur”, - deyə Xanlar Xanlarzadə vurğulayıb.