Mourinyonun unikal REKORDU - Hələ heç bir məşqçi bunu edə bilməyib
Xəbər verdiyimiz kimi, ötən gecə UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
İlk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları qarşılaşıb. Albaniyanın paytaxtı Tiranada keçirilən finalda "Roma" 1:0 hesabı ilə qalib gələrək Konfrans Liqasının kubokunu qazanıb.
Globall.az xəbər verir ki, “Roma” klubunun baş məşqçisi, portuqaliyalı mütəxəssis Joze Mourinyo bu qələbədən sonra bütün Avropa yarışlarının qalibi olan yeganə çalışdırıcı kimi tarixə düşüb.
Belə ki, o, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, UEFA Kuboku və Kuboklar Kubokunu qazanan ilk baş məşqçidir.
Joze Mourinyo dörd fərqli komanda ilə Avropa yarışlarında qalib gələn ilk məşqçi olub.
Xatırladaq ki, Mourinyo bundan əvvəl iki dəfə Çempionlar Liqasının qalibi olub - “Portu” (2003/2004 mövsümü) və “İnter” (2009/2010 mövsümü) ilə.
Portuqaliyalının Avropa Liqasında da bir qələbəsi var - “Mançester Yunayted”lə (2016/2017 mövsümü).
Bundan əlavə, 2002/2003 mövsümündə “Portu” Mourinyo ilə birlikdə UEFA kubokunun qalibi olub.
1997-ci ildə Mourinyo baş məşqçisinin köməkçisi kimi “Barselona” ilə Kuboklar Kubokunu da qazanıb. (modern.az)