Xaçatryandan SÜLH AÇIQLAMASI :
"Bu imkanlardan istifadə etməliyik"
“Biz nikbinik, çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşayışı olmadan, təkcə bizim deyil, bu regionun bütün ölkələri üçün irəliyə doğru addımlamaq mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam”.
Globall.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan DW-yə müsahibəsində deyib.
O, Brüsseldə növbəti dəfə baş tutan üçtərəfli danışıqlarla bağlı sualı cavablandırarkən deyib ki, Ermənistan regionda dinc və qonşularla yanaşı yaşamaq üçün imkanlar tapmalıdır: “İndi bu, xüsusən də vasitəçilərin olduğu üçün daha realdır. Biz bu imkanlardan istifadə etməliyik”.
Xaçatryan vurğulayıb ki, Brüsseldəki sonuncu danışıqlar Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçüncü görüş olub. Onun fikrincə, Aİ məsələni, iki ölkə arasında sülh haqqında sənəd imzalanana qədər başa çatdırmaq niyyətindədir: “Əlbəttə, bu çətin yol olacaq. Çünki münaqişə 1990-cı illərdən bəri davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var”.
Ermənistan lideri vurğulayıb ki, sülh müqaviləsi imzalanandan sonra birgə dinc yanaşı yaşama erası başlamalıdır.