Cavid Qurbanovu kim əvəzləyəcək? -
“Azərbaycan Dəmir Yolları”nın SƏDR MÜAVİNLƏRİ
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılandan sonra bu qurumun rəhbərliyinə kimin təyin olunacağı müzakirə mövzusuna çevrilib.
Globall.az xəbər verir ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də beş sədr müavini çalışır. Onlardan biri 1-ci müavin, dördü müavin postunu tutur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri bu beş nəfərdən biri təyin oluna bilər.
Sədrin 1-ci müavini Əlirza Süleymanov 1958-ci ildə anadan olub. Ali təhsillidir. Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dəmir Yolunun Bakı Lokomotiv deposunda briqadir vəzifəsində başlayıb. Sonra müxtəlif vəzifələr tutub.
1996-1997-ci illərdə Azərbaycan Dəmir Yolunun ”Sərnişindaşınma” istehsalat birliyinin rəisi - Dəmir Yolu rəisinin müavini, 1997-2010-ci illərdə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifəsində çalışıb.
22 fevral 2010-cu ildən “Azərbaycan Dəmir yolları” QSC-də sədrin 1-ci müavini vəzifəsində işləyir.
Sədr müavini İqbal Hüseynov da 1958-ci ildə anadan olub. Ali təhsillidir, Moskva Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
1984-2003-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin Biləcəri stansiyası, Hərəkət xidməti, Yükdoldurma və boşaltma şöbəsi, Yük daşımalarının planlaşdırılması şöbəsi, Tarif və nəqliyyatservis xidmətində müxtəlif vəzifələrdə çalışıb.
2003-2004-cü illərdə Nəqliyyat Nazirliyinin Maliyyə və kredit departamentinin rəis müavini vəzifəsində işləyib.
2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
2010-cu ildən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsini tutur.
Sədr müavini Zaman Novruzov 1958-ci ildə doğulub. Ali təhsillidir. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1980-1988-ci illərdə “Azərneftquraşdırma” trestində müxtəlif vəzifələrdə çalışıb. 1988-1990-cı illərdə “Azərneftkimyaquraşdırma” trestinin 2 saylı Sumqayıt Quraşdırma İdarəsinin rəisi, 1990-1996-cı illərdə Bakı Quraşdırma İdarəsinin rəisi vəzifələrində işləyib.
1996-2001-ci illərdə Abşeron Regional Su Səhmdar Cəmiyyətinin “Su tikinti” birliyinin rəisi, Abşeron Regional Su Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2001-2005-ci illərdə “Su satış” müəssisəsinin direktoru vəzifələrində çalışıb.
2005-2011-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifəsini tutub.
2011-2015-ci illərdə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və vitse-prezidenti vəzifələrində çalışıb.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib.
2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.
Sədr müavini Hicran Valehov digər üç həmkarından 10 yaş cavandı - 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Texniki elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə “Azəryolservis” ASC-də sədr müavini vəzifəsində işləyib.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində çalışıb.
2016-cı ildən “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müavini təyin edilib.
Sədr müavini Vüsal Aslanov 1981-ci ildə anadan olub. Ali təhsillidir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.
2016-cı ildən “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müavini təyin edilib. (modern.az)