Uşaq sığınacağındakı şiddətlə bağlı MÜRACİƏT EDİLDİ
2 iyun 2022 ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanmasına dair yayımlanan rəsmi məlumat, cəmiyyətdə ciddi əks-səda yaradıb. Belə ki, sığınacağın adının qeyd edilməməsi, digər sığınacaqların fəaliyyətini şübhə altına alıb və suallar yaradıb.
Globall.az xəbər verir ki, bu səbəbdən də ölkədə fəaliyyət göstərən sığınacaq rəhbərləri müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Biz, adı çəkilən sığınacaq rəhbərləri bəyan edirik ki, rəhbərlik etdiyimiz sığınacaqlar uzun müddət fəaliyyət göstərməklə yanaşı, ölkə qanunvericiliyi, eləcə də beynəlxalq qanunvericilik və standartlara tam uyğunlaşıdırılıb.
Adları qeyd edilən təşkilatların nəzdində fəaliyyət göstərən sığınacaqlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmətin göstərilməsi üçün akreditasiya olunaraq, ölkədə həssas qruplarla peşəkar səviyyədə işini qurub. Eyni zamanda, kifayət qədər həssas qruplara aid olan qadın və uşaqlara dəstək verib. Danılmaz faktdır ki, sığınacaqların olması həssas qruplara dəstək üçün olduqca əhəmiyyətli resursdur və bu, həm beynəlxlaq sənədlərədə ölkəmizə verilən tövsiyələrdə, həm də bir sıra qanunvercilik aktlarımızda rəsmi əksini tapıb.
2022-ci ildə eynilə adı çəkilən sığınacaqlarda da Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş ixtisaslaşmış monitorinq qrupları, monitorinq səfəri edib və hər bir sığınacağın fəaliyyətinə dair lazımı tövisyələr verib.
Biz adı çəkilən sığınacaq rəhbərləri, bir daha bəyan edirik ki, qanunvericiliyin tələbinə uyğun aparılan monitorinqlərin əhəmiyyətini vurğulayır, lakin bildiririk ki, hər hansı hadisənin bütün sığınacaqlara şamil edilməsini, onların fəaliyyətinə kölgə salınmasını pis hal kimi qiymətləndiririk.
Tərəfimizdən, ictimai iştirakçılıq və ictimai nəzarət qaydalarına uyğun olaraq, KİV, dövlət qurumları tərəfindən sığınacaqların fəaliyyətinin monitorinq edilməsini dəstəkləyir, lakin sığınacaqların fəaliyyətinə kölgə salanların qarşısının alınmasına çağırış edirik".
Müraciəti imzalayanlar:
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi;
Azərbaycan Uşaqları İctimai Birliyi;
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi;
“Ümid Yeri” Uşaq Sığınacağı;
“Təmas” Regional İnkişaf İctimai Birliyi.