SOS: Çimərlik mövsümü açılmamış Xəzər can almağa başladı!
Çimərlik mövsümü başlamamış Xəzər dənizi bu il də artıq can almağa başlayıb. Bir neçə gün öncə dənizdə 11 yaşlı uşaq batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əhali, valideynlər ilk növbədə nələrə diqqət etməlidir ki, belə faciələrə tuş gəlməsin? Hansı hallarda və kimlər suya girə bilməz?
Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıblar. Monitorinq nəticələrinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.
Aqşin Əlili
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar müvafiq qanunvericiliyə uyğun zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlər zamanı çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib. Monitorinqlərin nəticəsi olaraq, yerli icra hakimiyyətlərində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məsələlərinə həsr olunan işçi müşavirələr keçirilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün müvafiq tapşırıqlar verilib.“Hava qaraldıqdan sonra suya girmək təhlükəlidir, çünki...”
Bununla yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən İDEA ictimai birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlərdən (daş, qaya parçaları və s.) təmizlənib.
Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti bir daha nəzərdən keçirilib. Hazırda Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsi işləri davam etdirilir".
A.Əlili qeyd edib ki, iyunun 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Biz hər zaman vətəndaşlara müraciət etmişik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyinə işarədir. Bu kimi ərazilərdən istifadə etmək təhlükəlidir. Çimərlik tək xilasedicilərlə də kifayətlənmir. Sualtı baxışların keçirilməsi, üzmə sərhədlərinin müəyyənləşdirilməsi, ərazidə vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsi- bunlar hamısı birlikdə təhlükəsizlik tədbirləridir. Əgər həmin ərazidə xilasedici xidmət aparmırsa, həmin çimərliyin təhlükəli olduğuna bir işarədir. Son zamanlar da Xəzərdə baş vermiş bədbəxt hadisələr birmənalı olaraq nəzarətsiz və təhlükəli çimərliklərdə qeydə alınır”.
FHN rəsmisi qeyd edib ki, xidmətin nəzarət etdiyi ərazilərdə ötən il ölümlə nəticələnən hadisə qeydə alınmayıb: “Hətta fəxrlə demək istəyirəm ki, ümumilikdə 227 suda boğulma ilə üzləşən xilasedicimiz tərəfindən xilas olunub. Vətəndaşlara müraciət edirəm ki, nəzarət olunan, ictimai çimərliklərdə dalğalı, küləkli havada suya girməsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçməsinlər. Spirtli içki qəbul edərək suya girməsinlər. Suda kobud hərəkət etməsinlər. Valideynlər diqqətli olsunlar, çünki uşaqlar valideynin nəzarəti ilə çimərlikdən istifadə etməlidir. Çimərliyin ərazisində uşaqlar nəzarətsiz qoyulmamalıdır. Qaynar Günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Nəyə hava qaraldıqdan sonra suya girmək təhlükəlidir? Çünki qaranlıq vaxtı biz suya qoyulmuş üzmə nişanlarını görmürük. Hər hansı bədbəxt hadisə baş verdikdə qaranlıq olduğu üçün, görüntü olmadığı üçün axtarış etmək olmur. Eyni zamanda, xilasetmə əməliyyatlarında su nəqliyyat vasitələrinin də istifadəsi mütləqdir. Məhz su nəqliyyat vasitəsinin də qaranlıq vaxtı suya girməsi qadağandır. Bu üç faktoru ümumiləşdirib belə qərara gəlirik ki, hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Çimərlikdən təhlükəsiz istirahət səhər saat 9-dan axşam saat 8-ə qədərdir”.