Putin səfərbərliyə hazırlıq barədə fərman imzalayıb
“Rusiya prezidenti Vladimir Putin səfərbərliyə hazırlıqla bağlı fərman imzalayıb”.
Ukrayna mediası xəbər verir ki, belə bir iddia daxili işlər nazirinin müşaviri Vadim Denisenko tərəfindən yerli “Espresso” kanalının efirində səslənib.
"Səfərbərlik əsasən texniki sahələri, yəni fabrikləri, müəssisələri əhatə edir. Lakin insan səfərbərliyi ehtimalı da istisna olunmur", - deyə o bildirib.
Vadim Denisenko rusların müharibəni televiziyadan izləmək istəmədiklərini, eyni zamanda qəti şəkildə döyüşməyi arzulamadıqlarını söyləyib. Onun fikrincə, indi Rusiya hakimiyyətinin məqsədi cəmiyyətin səfərbərliyə dəstək verməsi üçün şərait yaratmaqdan ibarətdir.
"Gizli səfərbərlik onu göstərir ki, Rusiyanın həqiqətən də hərbi komissarlıqlarda istədikləri qədər insanı qulluğa qəbul etmək gücü yoxdur. Bu səbəbdən Kreml əlacı “vintləri bərkitməkdə” görür. Müxalifətçi İlya Yaşinin həbsindən sonra sistemsiz müxalifət yoxa çıxıb. Hətta əvvəllər bəzi həqiqətləri çatdırmaq istəyən insanlar Kremençuq şəhərində dinc insanların öldürülməsi qarşısında sadəcə susdular. Orada informasiya məkanı ölkə daxilində hakimiyyət tərəfindən 90% təmizlənib. İndi bütün təbliğat insanlar arasında səfərbərliyin təşviqinə yönəldilib”,-deyə o qeyd edib.