Özbəkistandakı münaqişə ciddiləşərsə... - Mərkəzi Asiya tamamilə qarışacaq

Mərkəzi Asiyada mövcud münaqişələr əsasən xarici güclərin təsiri ilə bağlı olub. Bu, xüsusilə keçmiş sovet respublikaları olan Özbəkistanda və Qazaxstanda özünü daha çox büruzə verir. Region geostrateji cəhətdən mühüm əhəmiyyət kəsb etdiyinə görə bu günə qədər davam edən çoxsaylı münaqişələrə səhnə olub.
Müasir dövrün iqtisadi və hərbi-texniki inkişafı ilə (məsələn, odlu silahlar və dəmir yolları) xarici güclər Mərkəzi Asiyada tədricən üstünlük əldə ediblər.
Portuqallar Avropadan Cənubi və Şərqi Asiyaya aparan dəniz yolunu kəşf etdikdən sonra məşhur “İpək Yolu” öz əhəmiyyətini itirib. 16 cı əsrdə “torpaqbasdı” vergisi hesabına varlanan yerli feodalların əlindən böyük bir qazanc cıxdıqdan sonra ərazidə təhlükəsizlik problemi yaranıb. İpək Yolunun təhlükəsizliyi naminə xoş keçinməyə məcbur olan xanlar su yolunun tapılmasından sonra bir-birinə düşmən kəsildilər, bir-birinin mülkünü yağmalayıb yıxdılar. 16 cı əsrdən bu günə qədər Mərkəzi Asiyadakı qan canağı hey dolub-boşalır.
Qədim türklərin vətəni sayılan, daha dəqiq desək, Türküstan adlanan ərazini parçalayıb, ondan 4-5 dövlət yaradan sovet hökuməti əvvəl Qırğızıstan, sonra ayrıca Qırğızıstan yaradıb onları Qazaxstandan ayırdı. 30-cu illərdən başlayaraq, Türküstan adı kitablardan silindi və ərazi aborigen türk tayfalarının adları ilə adlandırılmağa başlandı.
Sovet imperiyası dağıldıqdan sonra da Moskva keçmiş sovet respublikaları olan Özbəkistan, Qazaxstan, Qırğızıstan, Tacikistan və Türkmənistanı özünün “arxa bağçası” hesab edir. Lakin çinlilər də regionu İpək Yolu layihəsinin bir hissəsi sayaraq, artan tamahkarlıq nümayiş etdirirlər.
Çinin fövqəlgücə çevrilməsi Avrasiyada yeni düzənin qurulmasını şərtləndirib. Keçmiş sovet respublikaları Çinin beynəlxalq projesı sayılan “Kəmər və Yol təşəbbüsü"nün (Belt and Road İnitiative) reallaşacağı ərazilərdi. Bu layihəylə Çin dünya ticarətini öz nəzarəti altına almağa çalışır.
2013 cü ildə Qazaxstanda elan olunmuş layihənin gerçəkləşməsində Pekinin əsas rəqibi Moskvadır. Çin və Rusiya beynəlxalq səhnədə “strateji müttəfiqlikdən” ağızdolusu danışırlar. Ancaq onların “müttəfiqliyinə” problem yaradan əsas nöqtə də məhz Türküstan torpaqlarıdır.
Keçmiş İpək Yolunun canlanması naminə Əfqanıstanda "Taliban"ın iş başına qayıtması mümkün oldu.
Ölkəni feodal qaydalarla idarə edən İslam Kərimovun ölümündən sonra Özbəkistanda dəyişikliyə start verilib. Özünü regionda sabitliyin qarantı sayan Kremlin əslində bu sabitliyi pozmaq gücündə olan əsas qüvvə olduğu sirr deyil.
Çin Rusiyanın Avropa Birliyindən sonra ikinci ən böyük ticarət tərəfdaşı olsa da, Çinin ticarət dövriyyəsində Rusiyanın payı cəmi iki faiz civarındadır.
Kreml Çinin cəmləşmiş iqtisadi gücünə qarşı çıxa biləcək gücdə olmadığını anlasa da, regionda Pekinin güclənməsinə qarşı dirəniş göstərir.
Türkiyə və Azərbaycanın maraqları yalnız Türkmənistanda Çinlə toqquşur. Türkmən qazının əsas alıcısı olan Pekin Azərbaycanın türkmən qazıyla bağlı planlarına mane ola bilər. Hərçənd köhnə “İpək Yolu” layihəsində Pekinin əsas müttəfiqlərindən biri Bakı olsa da, Türkiyə və Azərbaycanın Özbəkistan və digər keçmiş sovet respublikalarında möhkəmlənməsi Çini qıcıqlandırır.
Rusiyanın indiki durumundan istifadə edən Pekin maksimum caba xərcləyir ki, Mərkəzi Asiyada həlledici oyunçu olsun. Ancaq regionda geostrateji vəziyyətin dəyişməsi təkcə xarici güclərdən asılı deyil.
Yerli elitalar Çin investisiyalarının gəlişini alqışlasalar da, yerli əhalinin çinlilərin ölkəyə gəlişinə münasibəti birmənalı deyil. Regionda torpaq icarəyə götürmüş Çin şirkətlərinə qarşı Qazaxstan və Qırğızıstanda dəfələrlə etirazlar olub. Bu etirazlar da məhz Pekinin türklərə olan münasibətindən qaynaqlanır.
Bununla yanaşı, Pekinin Çində yaşayan uyğurlara olan qeyri-insani münasibəti yerli əhali arasında çinli iş adamlarına qarşı nifrət oyadır. Çin ərazisində yaşayan etnik qazaxların və qırğızların “Yenidən tərbiyə” adı ilı cəza düşərgələrində işgəncələrə məruz qalmaları yerli əhali arasında ciddi problem yarada bilər.
Yerli əhalini sakitləşdirmək və çinli iş adamlarına qarşı tolerantlıq aşılamaq istəyi Pekini Moskvayla işləməyə məcbur edir. Kremlin yerli əhalini Çin investisiyalarına qarşı qaldırmaq gücündə olduğu sirr deyil. Bu üzdən Pekinlə Moskva arasında “müttəfiqlik” nəğmələri müsbət notlar üzərində uydurulur.
Azərbaycan və Türkiyənin Özbəkistanda və digər türk torpaqlarında güclənməsi əsasən diaspora təşkilatları üzərinə düşür. Bu istiqamətdə ayrı-ayrı təşkilatlarımız işlər görsələr də, bu işə məsul olan dövlət strukturlarının işi qənaətbəxş deyil, ciddi boşluqlar var.
Çin iqtisadiyyatının səkkizdə birini təşkil edən Rusiya iqtisadiyyatının Pekinin təsiri altına düşməsi ehtimalı da var. Çünki Pekin beynəlxalq izolyasiyadan qurtulmaq üçün Moskvanın yeganə ümid yeridir. Bu iki gücün siyasətini müəyyən edən əsas arqumentlər regiondakı sabitliyə ehtiyac və əməkdaşlığa praqmatik baxışdır.
Yaxın vaxtlarda Pekinlə Moskvanın Mərkəzi Asiyada toqquşacağını gözləmək sadəlövhlükdür. Lakin Pekinin Özbəkistanda və digər keçmiş sovet respublikalarında güclənməsi son nəticədə Moskvayla konfliktə gətirib çıxara bilər. Pekinin regionda hərbi mövcudluğu iki “müttəfiq” dövləti düşmən edə bilər.
Əfqanıstanda və keçmiş sovet respublikalarında Çinin mövcudluğu Kremli daha sayıq olmağa məcbur edir. Pekin bölgəyə yatırdığı investisiyaları qorumaq üçün Mərkəzi Asiyada hərbi baza qurmaq planını gizlətmir və bu planı reallaşdırmağa çalışır. İsveçrənin “NZZ” qəzetinin yazdığına görə, Çin artıq Tacikistanda kiçik hərbi baza da qurub.
Hərbi bazanın Tacikistanda qurulması, yəni Pekinin türklərin yaşamadığı ərazini seçməsi, Çinin türklərə etibar etməməsinə bir işarədir.
(musavat.com)
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: