Şagirdlərin yerdəyişməsinin vaxtı açıqlandı
Avqustun 4-dən 2022-2023-cü tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start veriləcək. Elm və Təhsil Nazirliyindən Globall.az-a verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Elektron sistem II-IX və XI siniflər üçün 4 avqust saat 11:00, X siniflər üçün isə 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək. İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı: 1. Heydər Əliyev adına lisey; 2. .İsmayılov adına 6 nömrəli məktəb-lisey; 3. 132-134 nömrəli Təhsil Kompleksi; 4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb; 5. İlyas Əfəndiyev adına Elitar gimnaziya; 6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi; 7. "Zəngi" liseyi; 8. Bakı Avropa Liseyi; 9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; 10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası; 11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.