700 bal toplayan qız:
“Birinci olmaq möhtəşəm hissdir”
Bu il keçirilən qəbul imtahanlarında cəmi bir məzun 700 bal toplayıb. IV ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə göstərən abituriyent Bakı şəhər 125 saylı orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızıdır. Rekordçu gənc sevinc təəssüratlarını Modern.az-la bölüşüb. Nigar bildirib ki, ölkə üzrə birinci olmaq möhtəşəm və ifadə olunmayacaq qədər gözəl hissdir: “İllərdir oxuyurdum, əziyyət çəkirdim, zəhmətimin nəticəsini gördüm. Birinci imtahanda 1 suala görə 3 bal itirib, maksimum nəticə əldə edə bilməmişdim. Buna görə çox pis olmuşdum. İkinci imtahana hazırlaşmaqda tərəddüd edirdim. Ailəm və müəllimlərim arasında imtahana get, ya getmə deyənlər də oldu. Sonradan peşman olmamaq üçün ikinci imtahana hazırlaşdım. Bunun üçün sevincimin həddi-hüdudu yoxdur”. Nigarın ən böyük arzusu gələcəkdə həkim olmaqdır: “İxtisas seçimində Azərbaycan Tibb Universitetini seçəcəyəm. Arzulara çatmaq, o yolda addımlamaq ifadə olunmayacaq qədər möhtəşəm hissdir”.